Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq.
Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb.
Lent.az Trinidad və Tabaqoda baş verən həmin hadisə barədə yazını təqdim edir.
1982-ci ildə əsl adı Lennoks Filip olan keçmiş polis işçisi Trinidad və Tabaqoda “Camaat əl-Müslimin” təşkilatını yaradır. O, İslamı qəbul edərək Yasin Əbu Bəkr adını götürür və paytaxt Port-of-Speyndə ölkə əhalisinin 5%-ni təşkil edən müsəlmanlar üçün dini mərkəz yaradır.
Amma həmin mərkəz hökumət rəsmiləri tərəfindən qanunsuz hesab olunur və tez-tez polis reydləri ilə üzləşir.
1985-ci ilin iyulunda bankın keçmiş baş auditoru və Əbu Bəkrin əsas müavinlərindən biri olan Əbdül Kərim polis nəzarətində olarkən naməlum şəxs tərəfindən öldürülür. İşin üstü açılmadığı üçün bu hadisə “Camaat əl-Müslimin” və dövlət arasında münaqişənin başlanğıcı olur.
1988-ci ildə polis “Camaat əl-Müslimin” icmasına basqın edir, silah və sursatları müsadirə edir və 34 üzvü həbsə alır. İcma üzvləri oğurluq, soyğunçuluq, qanunsuz silah saxlama, zorlama və adam öldürmə maddələri ilə ittiham olunurlar.
Bu hadisə “Camaat əl-Müslimin” üzvlərini hökumətin repressiya və qanunsuz olaraq torpaqlarını işğal etdiyinə inanmağa vadar edir.
27 iyul 1990-cı il cümə günü “Camaat əl-Müslimin” Trinidad və Tobaqo hökumətinə qarşı çevriliş etməyə cəhd edir. Onların ilk işi axşam saat 17:50 radələrində polis binasını partlatmaq olur, axşama doğru yanğın nəticəsində bina tamamilə dağılır. Demək olar ki, eyni vaxtda Bilal Abdullanın başçılıq etdiyi 42 nəfərlik dəstə parlamentin yerləşdiyi “Qırmızı Ev”ə basqın edərək Baş nazir Robinsonu və onun kabinetinin çox hissəsini girov götürür. Yasin Əbu Bəkrin başçılıq etdiyi 72 nəfərlik dəstə isə Trinidad və Tobaqo televiziyasının binasına, həmçinin 2 radiostansiyaya hücum edir.
Saat 18:20-də Yasin Əbu Bəkr ilk dəfə televiziyaya çıxır və hökumətin devrildiyini və ordu ilə danışıqlar aparıldığını açıqlayır. O, sakitliyə çağırır və bildirir ki, heç bir talan, cinayətə yol verilməməlidir.
Baş nazir Robinson orduya silahlılara hücum əmri verməyə çalışarkən döyülür və ayağından güllələnir. Buna cavab olaraq ordu və polis “Qırmızı Evi”n ətrafını mühasirəyə alır. Paytaxt Port-of-Speyn və digər şəhərlərdə geniş miqyaslı talan və yanğınlar baş verir, lakin ölkənin qalan hissəsində sakitlik hökm sürür.
Prezident səlahiyyətlərini icra edən Emmanuel Karter tərəfindən 28 iyul səhər saat 9:00-da fövqəladə vəziyyət elan edilir.
Hücum zamanı “Qırmızı Ev”də olmayan bir neçə kabinet üzvü “Trinidad Hilton” otelində məskunlaşır.
Ordu günü “Camaat əl-Müslimin” 6 canlı yayımından sonra radiotezliklərini ələ keçirməyi bacarır və onların ölkə üzrə yayımının qarşısını alır. Bu silahlıların əhaliyə müraciətlərini önləyir və onların televiziya binası ilə “Qırmızı Ev”də izolyasiya vəziyyətinə salır. Mühasirə vəziyyətində olan silahlılar təslim olmaq üçün ordu ilə danışıqlara başlayır və 6 günlük danışıqlardan sonra avqustun 1-də təslim olurlar.
Nəticədə təslim olan “Camaat əl-Müslimin” üzvləri vətənə xəyanətdə mühakimə olunur, lakin Apellyasiya Məhkəməsi onların təslim olmalarını təmin etmək üçün təklif edilən amnistiyanı qüvvədə saxlayır və onlar sərbəst buraxılırlar.
Çevriliş cəhdi zamanı təxminən 24 nəfər həlak olur, Trinidad və Tabaqoya milyonlarla dollar dəyərində maddi ziyan dəyir. Hadisələrdən sonra hökumət dəyişikliyi olur və ölkədə ciddi böhranlara yol açır.