Xarici turistlərin aldadılma riski dünyanın ən məşhur turizm məkanlarından biri hesab edilən Fransadadır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Quotezone” mütəxəssisləri Avropanın əsas görməli yerlərini ziyarət etdikdən sonra bu qənaətə gəliblər.
Qeyd olunur ki, Fransanın paytaxtı Parisin iki əsas attraksionu - Eyfel qülləsi və Notr-Dam kilsəsi dələduzluq hallarının ən çox olduğu yerlər kimi tanınıb. Xüsusilə, bir çox turist bu ərazidə saxta bilet fırıldaqlarının qurbanı olub.
Turist Kris 5-ci Parisə səfəri ilə bağlı təəssüratlarını bölüşüb: “Məyus edən hadisə Eyfel qülləsi ətrafında fırıldaqların çoxluğu və polisin olmamasıdır”.
"Quotezone" şirkətinin baş direktoru Qreq Uilson turistlərə fırıldaqçıların qurbanı olmamaq üçün faydalı məsləhətlər verib.
"İnsanların çox olduğu yerlərdə diqqəti yayındırmaq asandır və burada fırıldaqçılar çoxalır. Bu vəziyyətdə sizə yaxınlaşan hər kəsdən ehtiyatlı olun. Onların hədiyyələr vermək, fotoşəkil çəkdirmək təklifi və ya ləkələrdən qurtulmaq üçün krem reklamları kimi hiylələri var".
Bununla belə, o, turistlərə özləri ilə nağd pul daşımamağı, bank kartlarını sinələrində və ya paltarlarının altında zəncirbənd çantada saxlamağı tövsiyə edib.
Bundan əlavə, turistlərə əvvəlcədən onlayn bilet alarkən, çoxlu yaxşı rəyləri olan rəsmi saytlardan istifadə etmələri tövsiyə olunur.