Müğənni Rəşad İlyasov sözləri millət vəkili Qənirə Paşaevaya, musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsus “Sənsizlik” adlı mahnını ifa edib. Bu barədə Lent.az-a bəstəkar S.Tofiqqızı məlumat verərək bildirib ki, bu Q.Paşayeva ilə həyata keçirdiyi ilk iş bəstə deyil: “Onunla iş birliyim davam edir. Bu dəfə ikimizin ərsəyə gətirdiyimiz bəstəni müğənni Rəşad İlyasov oxudu. İnanıram ki, bu mahnı dinləyicilər tərəfindən çox bəyəniləcək. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Hələ bundan sonra işbirliyimiz davam edəcək”.
Müğənni R.İlyasov isə ifa etdiyi mahnı barədə fikirlərini bölüşüb: “Sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını oxumaq təklifi gələndə məmnuniyyətlə qəbul etdim. İnanıram ki, bu ifam dinləyicilər tərəfindən bəyəniləcək”.
Qeyd edək ki, mahnının bekvoklarını müğənni Leyla Babayeva, aranjemanını isə Osman Həmidov edib.