Azərbaycan şou-biznesinin əksər üzvləri el şənliklərindən qazanırlar. Estradamızın məşhur simaları 5-10, hətta 15 min manata belə toy aparırlar. Maraqlıdır, qiymətlərin bu hala çatmasına kim və ya nə səbəb olub? Müğənninin toy qiymətini kim müəyyənləşdirir? Elə bu sualla yerli şou-biznesin ən çox toy aparan simalarına müraciət etdik. Lent.az maraqlı cavablarla rastlaşdı...
Əməkdar artist Abbas Bağırov:
“Toy qiymətimi açıqlaya bilmərəm. Amma o qiyməti özüm müəyyənləşdirirəm. Mənim ansamblımda əməkdar artist Ənvər Sadıqov çalışır. Ansamblımın digər üzvləri də yaxşı musiqiçilərdir. Onlar fərqli və yaxşı qonorar alırlar və almalıdırlar. Mənim toy qiymətim həm də ona görə yüksəkdir. Müəyyən etdiyim qiymət mən istədiyim üçün belə deyil və bu öz başına belə olmayıb. Hər şeyin də bir səbəbi var. 13 il mənim yanımda çalışan musiqiçilərə mən yaxşı qonorar verməliyəm də. Mənə bir ansamblı göstərin ki, müğənni ilə 13 il birgə çalışıb? Mümkün deyil!”
Əməkdar artist Lalə Məmmədova:
“Yeni başlayanda çox məbləğ demək olmur. Ancaq sonralar püxtələşirsən və öz auditoriyan olur. Tamaşaçıların çoxaldıqdan sonra isə işlərin daha yaxşı olur və qiyməti qaldırırsan. Nəticədə sən ayda 30 gün yox, 15 gün toyda olursan. Müğənninin qonorarı apardığı toyun keyfiyyətindən asılıdır. O ki qaldı şişirdilmiş toy qiymətlərinə, bəs kim biri-birinə fors eləsin ki, mən filan qiymətə gedirəm. Elə ziyalı ailələr olub ki, sənətimi seviblər, amma qiymətə gücləri çatmayıb. Mən mümkün olan bütün güzəştlərə gedib, toyu oxumuşam. Görmüşəm ki, sırf məni istəyən insanlardır, amma imkanları yoxdur. Hərdən olub ki, qiymət danışanda elə ağlaşma qurublar ki, düşmüşəm. Sonra gedib toyun məkanına, oradakı dekorasiyalara baxıb başa düşmüşəm ki, onların qiyməti mənim gəldiyim qiymətdən də baha imiş. Bunu da sevmirəm. Mənim toy qiymətim sənətimə layiqdir. Adətən çağıranlar imkanlı insanlar olur. Amma olmayanın da toyunda oxuyub, halallıq verirəm”.
Əməkdar artist Mətanət İsgəndərli:
“Bəsdirin, əl çəkin bu müğənnilərdən, yığışdırın bu söhbətləri. Müğənnilər qəpik-quruş qazanır”.
Müğənni Röya Ayxan:
“Şəxsən mən qiymətimi özüm qoymuşam. Və buna görə mənə heç kim heç nə deyə bilməz. Çünki mən Bakıda 6 min manata mahnı alıram. Bir o qədər də onun aranjemanına pul verirəm. Bunun qalan tamamlanma işləri. Studiyalar, “svedeniyası”, Türkiyədən tutmuş Almaniyaya qədər gedib çıxır. Beləliklə, bir mahnı mənə 16-17 min manata başa gəlir. Niyə də mən bir toydan 30 min almayım? Mən həmin gecə 8-10 min qiyməti olan paltar geyinirəm. Toy sahibini şad etmək üçün. Onlar da mənim könlümü şad etməlidirlər. Mən heç kimin qapısını döyüb ondan pul istəmirəm. Nə də onlara zorla “Məni çağır, məni istə” demirəm. Mən öz qazancımı öz üzərimə qoyuram. O da bundan xoşlanıb yenə də mənə xərcləyir. Mən özümə bir biznes kimi, proyekt baxıram. Mən böyük bir layihəyəm. Mən öz üzərimə pul qoyuram və bundan pul götürürəm. Bəlkə də yeganə müğənniyəm ki, qiymətimi hər il qaldıra-qaldıra gedirəm. Allah gözə gətirməsin. şeytanın qulağı kar olsun. Allah edənlərə həmişə verir”.
Müğənni Natəvan Həbibi:
“Qiyməti müğənninin özü, onun prodüseri və bütünlüklə komandası müəyyən edir. İfaçı pulu öz statusuna və hit mahnılarına görə alır. Qiymət reklama görə formalaşır”.
Müğənni Elnur Məmmədov:
“Qiyməti mühit və sonra da müğənni müəyyən edir. İfaçının əziyyətləri və gördüyü işlər o qiyməti qoyur. Kİm hansı qiymətə layiqlidir, o qiymətə də gedir. Mən toy qiyməti danışmıram. Bu işlə məşğul olan işçilərim var. Mənim işim oxumaqdır.
Müğənni İzzət Bağırov:
“Qiyməti müğənni özü qoymalıdır. İfaçı var 2 minə, ifaçı var 5 minə, ifaçı da var 10 mindən yuxarı gedir toya. Müğənninin qoy qiymətindən asılı olmayaraq hamı eyni qazanır. Çünki baha gedənin toyunun sayı az olur. Ucuz gedən isə hər gün gedir o baha gedən qədər qazanır. Mənim üçün standart qiymət yoxdur. Ailə var ki, 5 ildir bütün məclislərini mən idarə edirəm. Elə ailələrlə artıq pul danışmıram. Yerlər var ki, qiyməti endirirəm, hörmət edirəm. Kim deyir ki, standart qiymətim budur, inanmayın. Bakı balaca şəhərdir. Qiymət deyəcəm, səhər elə bir adam zəng edib xahiş edəcək ki, bir az endirəcəm. Daimi eyni qonorara oxumaq mümkün deyil. Mən 22 ildir toy aparıram, işləyirəm və qazanıram”.
Müğənni Nadir Qafarzadə:
“Qiyməti ancaq mən və mənim prodüserim təyin edə bilər. Başqa da heç kim. Olur ki, dost-tanış toyu olur. Burada qiymətlər oynayır. Dəqiq bir qiymət yoxdur. Dosta qiymət deyə bilmirsən, qalırsan yana-yana. Toy qiymətimi açıqlamaram. Amma ki, bir az yüksəlib. Əziyyət çəkirik və onun müqabilində qazanırıq. Başqa ölkələrdən gələn müğənnilərə pul tapırlar, bizə çatanda isə 7 yaylıq ağlayırlar. Müğənni özünə qiymət edib, dəyərini bilməlidir. Biz heç kimdən əskik deyilik. Məni istəyən dediyim qiyməti verməlidir”.
Müğənni Manaf Ağayev:
“Qiyməti tamaşaçı müəyyən edir. Sənətçi yaxşı toy apara bilirsə, ona tələbat çoxalacaq və qiyməti artacaq. Sevilirsə, istədiyi qiyməti deyə biləcək. Tələbat azdırsa, qiymət də aşağıdır. Xalqın gözü tərəzidir. Müğənni var ki, heç efirə çıxmır. Amma toydan toy tutur. Hər gün də bir el şənliyini idarə edir. Tamaşaçını bir gün aldada bilərsən. Mən qiymətimi açıqlamaqdan çəkinmirəm. 4-5 minə gedirəm.
Müğənni Rəşad İlyasov:
“Müğənninin toy qiymətini tamaşaçılar müəyyən edir. Əgər tamaşaçılar o qiyməti verməsələr, müğənnilər də getməz. Amma real qiymətlərdən danışıram. Kimsə 50-100 min deyir, sonra da baxırsan ki, şadlıq evinin menyusunda adı var. Mən onları nəzərdə tutmuram. Amma bir müğənninin qiyməti 3-10 min arasıdırsa, burada onun günahı yoxdur. Demək ki, bu qiymət həm də tamaşaçıları qane edir. Sənətə dediyim məbləğ baha deyil. Əgər söhbət əsl sənətdən gedirsə o qiymət arasında ola bilər. Bu toy adəti lap əvvəldən gəlib. Bizi xalq saxlayır. Dövlətin verdiyi fəxri adlar öz yerindədir. Amma çörəyimiz xalqdan çıxır. Məsələn, xalq artisti Bilal Əliyev nə qədər köklü və gözəl müğənnilərimizdən olsa da, onun açıqladığı toy qiyməti real deyil. İndi sözdür də deyib. Yəqin könlü xoş olub, deyib”.
Müğənni Ayan Babakişiyeva:
“Qiyməti ən düzgün şəkildə müğənninin prodüserləri müəyyən etməlidir. Mən də qiymətimi deməkdən heç vaxt çəkinməmişəm. Bilənlər də var, yarım saat 2 min manata oxuyuram.
Müğənni Elariz Məmmədoğlu:
“Əgər müğənni özü özünün prodüseridirsə, qiyməti o müəyyən edir. Yox, əgər komandası var, yanında prodüserləri işləyirsə, qiyməti onlar deyir. Bunun qaydası isə ifaçının reklamına xərclənən vəsaitdir. Məhz o vəsaitin hesabına qiymət təxminən təyin olunur. Məndə də toyun müəyyən qiyməti var. Düzdür, tanışların toyunda bu qiymət ara-sıra dəyişir. Mən öz qiymətimi özüm təyin etmişəm”.
Müğənni Ayaz Qasımov:
“Müğənninin toy qiyməti onun tələbatından asılıdır. Ehtiyac və tələbat nə qədər çox olarsa qiymət bir o qədər də yuxarı olar. Elə olub ki, günə beş toy gəlib. Belə hallarda biz bu mövzu ətrafında söhbət aparmışıq, kimlərsə də öz təkliflərini deyib, amma yenə də son qərarı mən vermişəm. Əsas müğənninin gördüyü işlər və onun oxu tərzidir. Axı ifaçı keyfiyyətli işi üçün müəyyən məbləğ xərcləyir. Axı bir mahnı heç də balaca qiymətə başa gəlmir”.
Türkan Məmmədli