Rəqqasə Fatimə Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalının ilk günündə çıxış edib. Hazırda Hindistanda olan rəqqasə Lent.az-a bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır: “Azərbaycan üçün çox darıxmışam. Bu mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxış etdim. Burada hər bir xalqın çıxışından öncə ölkə barəsində qısa video-çarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış video-çarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hislər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Sonra səhnəyə çıxıb, milli “Uzun dərə” rəqsini təqdim etdim. Çox gözəl və maraqla qarşılandı. Festivalda məndən savayı “Səma rəqs” ansamblı, 8 yaşlı tələbəm Fatimə və müğənni Aslan Hüseynov da çıxış etdi. Onların çıxışı da alqışlarla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa edəcəyəm".
Rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir: “Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzet barəmizdə xəbər dərc edib. Bakıya qayıtdıqdan sonra festival barəsində geniş məlumat verəcəm".