“Sağlamlığımı əlimdən alan, məni şantaj edən “manyak” məndən əl çəkmir”.
Bu sözləri Lent.az-a şou-biznesə rəqqasə kimi gəlib, özünü müğənni kimi təsdiqləyən Sevda Sanaliyeva deyib. O, bildirib ki, artıq 4 ildir ki, bir şəxs onu ciddi şəkildə narahat edir:
“Artıq hər kəsin barəmdə hər şeyi bilməsini istəyirəm. Mən azad, müstəqil bir dövlətdə yaşayıram. Amma bu cür dövlətdə yaşasam da, azadlığımı, firavan yaşayışımı mütəmadi pozan bir şəxs var. Bir neçə ay öncə həmin şəxsə mətbuat vasitəsi ilə ilkin xəbərdarlıq da göndərmişdim ki, məndən uzaq dursun. Mənə qarşı şantajlarından, pis əməllərindən çəkinsin. Amma o, yenə də buna məhəl qoymur. Üstümə şər atdı və daha nələr eləmədi ki!? Ötən gün isə “Facebook” səhifəmin və “email” adresimin parolunu sındırdı. Bildiyiniz kimi, anam xərçəng xəstəsidir. İndi mən bilmirəm xərçəng xəstəsi olan anama yardım edim, yoxsa mənə hədə-qorxu gələn insanla mübarizə aparım”.