Sənət adamlarının məşhurluqdan istifadə edib müəyyən qaydaları pozmaları, hətta vergidən yayındıqları dəfələrlə müzakirə mövzusu olub. Bununla belə, ərköyün tanınmışları sorğuya çəkib yenə də soruşmaq olar: vergi ödəyicisi kimi hansı rayonda qeydiyyatdasınız? Lent.az moder.az-a istinadən xəbər verir ki, bu sualla bir qrup sənətçiyə müraciət olunub.
Əməkdar artist Gülyanaq Məmmədova bildirib ki, vergi ödəyicisi kimi Yasamal rayonunda qeydiyyatdadır: “Eyni zamanda dövlət işində işlədiyim üçün aylıq əməkhaqqımdan vergi tutulur.
Toydan vergi ödəməklə bağlı məsələ aktuallaşandan bəri hər toya görə vergi ödəyirdim. Toyu neçəyə danışırdımsa, onun 4 faizini vergi kimi dövlətin büdcəsinə keçirirdim. Qanuna hamımız tabeyik və tabe olmalıyıq. Amma maaşımdan nə qədər tutulduğunu dəqiq bilmirəm. Bilirəm ki, bu aydan etibarən əməkhaqqımız 10 faiz artıb. Son bir ildə isə getdiyim toylara görə vergi ödəmirəm. Çünki bundan əvvəl müğənnilərə vergini məcburən ödətdirirdilər”.
Xalq artisti Mələkxanım Əyyubova isə sualımıza belə reaksiya verib: “Mən nəsə eləmirəm ki, vergi də ödəyim. Müəllim işləyirəm, maaşımdan çıxırlar. Biz kartdan nə lazımdırsa, onu götürürük. Rəsmi əməkhaqqımı açıqlamaq istəmirəm. Belə dərinliklərə getməyə ehtiyac yoxdur. Maaşımın yazılmağını istəmirəm. Qazancımın hər qəpiyini camaat niyə bilməlidir?!”
Müğənni Arzu Rzayev isə bizneslə məşğuldur və dediyinə görə vergini vaxtında ödəyir: “Vergiləri vaxtı-vaxtında ödəyirəm. Hansı rayonda vergi qeydiyyatında olduğumun nə əhəmiyyəti var ki? Belə şeyləri gündəmdə olanlardan soruşun. Müəllim adamıq. Bir şirkətim var, orda da vergiləri ödəyirik. Konkret nə işlə məşğul olduğumuzu demək istəmirəm. Mühasibimiz vergilərlə məşğul olur. Qısaca deyim ki, istehsalat şirkətidir”.
Əməkdar artist Ədalət Şükürov isə vergi ödəyicisi kimi Sumqayıtda qeydiyyatdadır. Dediyinə görə, 8 ildir vergiləri ödəyir: “İlin sonunda bəyannamə verirəm. Konkret rəqəm deyə bilmərəm. Özüm gedə bilməyəndə də yoldaşım gedib maraqlanır, ödəyir. Orda tanış mühasibimiz var. Bizə kömək edir. Zəng edib maraqlana da bilərsiniz”.