Ötən gün “Şou-biznesdə oğlan ifaçını oğlan, qız ifaçını da ya oğlan, ya qız saxlayır” açıqlaması ilə şou-biznesdə müzakirələrə səbəb olan əməkdar artist, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) Lent.az-a müsahibə verib. Rəmiş təkcə şou-biznesdən yox, başqa məqamlardan da danışıb.
- Hazırda nə işlə məşğulsunuz?
- Bir qədər əvvəl Almaniyadan konsertdən qayıtmışam. Azərbaycandan Könül Kərimova, Cabbar Musayev, Abbas Bağırov, Sevda Yəhyayeva, Eton Hüseynəliyev və prodüser Tolik (Tarix Əliyev) həmin konsertə dəvətli idi. İlk olaraq Tolikin çalışdığı müğənnilər oxudu. Daha sonra biz çıxış etdik. Konsert zalında isə təxminən beş-altı minə yaxın tamaşaçı vardı. Həmin gün üçün təşkilatçılarla pul danışmamışdım. Sən demə, məndən savayı gecəyə təşrif buyuran sənətçilər öncədən pul aldılar. Gülü mənə dedi ki, (red-həyat yoldaşını nəzərdə tutur) “niyə sən də pul danışmamısan?” Dedim, mən kişiyəm. Mənə beş yüz manat verdilər, götürmədim. Səhəri gün min manat gətirdilər, yenə götürmədim. Çünki mən o pula layiq oğlan deyiləm. Amma açığını deyim, onlar özləri də bilirdilər ki, əvvəlcə mən çıxış etsəydim, tamaşaçılar çıxıb gedəcəkdilər. Çünki 200-300 nəfər mənə yaxınlaşıb dedi ki, sənətkar, biz sizə görə ailəmizlə birlikdə yüz kilometrlərlə yol qət edib gəlmişik.
- Konsertdən razı qaldız?
- Konsertdən razı qaldım, təşkilatçıdan yox. Elton oxuyanda texnikada problem oldu. Bir mahnı oxudu, daha sonra demək olar ki, o, heç oxumadı. Elton mənim hörmət etdiyim oğlandır. Sözümün canı odur ki, çıxıb efirdə deməsinlər ki, mən Almaniyada elə elədim. Orda nəsə edən oğul mənəm. Vəssalam. İstəyirsiniz, bu sözləri onların üzlərinə deyim. Bunlar “disk” taxıb, oxuyurlar. O da olmayandan sonra necə oxusunlar? (Müsahibənin bu yerində həyat yoldaşı Gülü müdaxilə edir: “O konsertdə ən çox alqışlanan Könül Kərimova ilə Rəmiş olub - Y.S.) Özü də mən səhnəyə çıxan zaman iyirmi dəqiqə ayaq üstə əl çaldılar. Soruşun görün, onlara da elə əl çalan oldu? Yox, olmayıb.
- Təşkilatçıdan niyə narazı qaldız?
- Bizə qarşı çox pis hərəkət etdilər. Narazı qalmağımın səbəbi o oldu ki, gələndə də öz cibimdən bilet alıb, Azərbaycana qayıtdım. Təşkilatçı mənə dedi ki, laçınlıyam. Ona görə də, mən onunla pul danışmadım. Dünən yumurtadan çıxan müğənni deyiləm ki, məni aldatsınlar. Mən əlli ildir ki, bu meydanda at oynadıram. Bilirsiniz, mən düzünü danışan insanam. Yalandan deyə bilmərəm ki, “ay elə elədim”, “ay belə elədim”. Bunu mən bacarmaram. O gün mənimlə Almaniyada çıxış edən sənətçilər ATV-ə deyirlər ki, guya mən ora cangüdənlə getmişdim. Şeytan adam cildinə girib, adamları aldadanda mən özümdən çıxıram, əsəbiləşirəm. Xalqı aldatmaq olmaz.
- Sizi toylara dəvət edirlərmi?
- Bəli, gedirəm. Tez-tez olmasa da, məclislərdə iştirak eləyirəm.
- Toy qiymətiniz şişirdilmişdi, yoxsa...
- Bilirsiniz, televiziyaya baxıram, hərəsi çıxıb bir toy qiyməti oxuyur, bir deyir 10 minə gedirəm, o biri çıxıb deyir 20 minə. İnsanları aldatmaq lazım deyil. Axı sizi o qiymətə toya çağıran yoxdu? Kimdir onlara o qədər pul verən? Hərəsinin də əlində diski, özü də neçə il qabaq yazılmış albom.
- Şou aləminin durumu sizi qane edirmi?
- Yox, qane etmir. Hər şey bir-birinə qarışıb. Mən senzuranın tərəfdarıyam. Əvvəllər Azərbaycanda bir televiziya var idi. Əksər müğənnilər orda çıxış edə bilməzdilər. Kimisinin geyimində, kimisinin əxlaqında çatışmazlıq vardısa, onlar efir üzü görmürdülər. Amma indi elə bir vəziyyət yaranıb ki, müğənni alt paltarında səhnəyə çıxır. Bu işə nəzarət edənlər hara baxır? Camaat evində körpə uşaq böyüdür. Olmaz belə şeylər. Hamı pozğun deyil ki? Baxırlar ki, Rihanna soyundu, çimərlik geyimində şəkil çəkdirdi, bizim müğənnilərdə onların eynisini təkrar edir. Gərək soyunasız?
- Fərz edək ki, şou-biznesdə səlahiyyətləri sizə veriblər. Kimləri efirə çıxmaqdan mərhum edərdiz?
- (Bir az düşünür...) Şou-biznesi ləğv edərdim. Deyərdim ki, gedin “Avropa“ otelinin qabağında başqa işlərlə məşğul olun. Çünki onların sənəti yoxdur. Brilliant, Röyadan savayı bir neçə də sənətçini saxlayıb, qalanlarını efirə buraxmazdım.
- Kimə qulaq asırsınız?
- Brilliant Dadaşovanı və Röyanı bəyənirəm. Başqa kim var ki?
- Solo konsert vermək fikriniz varmı?
- Konsert niyə verim ki? Konsert verənlərin əksəriyyətinin adamları var. Həmin adamın da on minə yaxın işçisi var. Çağırır adamlarını yanına, biletini verir, deyir ki, get hökmən o konsertdə iştirak elə. Onlar da müdirin sözündən çıxa bilmirlər. Konsert verdim, yoxsa vermədim. Elə mən, mənəm. Məni hər tədbirdə elə qarşılayırlar ki, əksər müğənnilər heç konsertdə elə qarşılamırlar.