<b>“Toylarda şeir deyib, pul qazanacam...”</b> – <span style="color:red;">MÜSAHİBƏ
07 oktyabr 2014 15:54 (UTC +04:00)

“Toylarda şeir deyib, pul qazanacam...”MÜSAHİBƏ

“Həyatımı yenidən yaşamaq imkanım olsaydı, başqa Aqil olardım. Tam fərqli həyat yaşayardım”. Bu sözləri Lent.az-a müsahibəsinə rejissor Aqil M.Quliyev deyib.  Tanınmış rejissorla onun çalışdığı məkanda görüşdük. Özü də film çəkilişlərinin montajı zamanı. Bizi qarşılayıb, hal-əhval tutduqdan sonra özünü müsahibəyə hazırlayır... Qəlyanını yandırır: “Bilirsiniz, müsahibə vermək elə-belə iş deyil, gərək. Xüsusi hazırlaşasan. İndi artıq hazıram”.    

 

- Elə isə başlayaq yaradıcılıq işlərinizdən. Nə yenilik var?

 

- Başlayaq iri layihələrdən. Hazırda qısametrajlı “Şaman” filminin montajı gedir. Bu filmi 4 ildir çəkirik. 2010-cu ildən bu çəkilişlərə başlamışıq. Allahın köməkli ilə bu filmi yanvar ayına qədər təhvil verəcəyik. Mən xaraktercə bir az inadkar adamam. Ssenaridə bir az dəyişikliklər elədim. İstəyirəm ki, ürəyim istəyən kimi çəkim. Şükür ki, istəyim həyata keçdi. Bu filimdə əsas rollarda xalq artistləri Amaliya Pənahova, Yuri Baliyev oynayıb. Düşünürəm ki, film çox gözəl alınacaq.

 

- Bir çoxlarına məlumdur ki, şəxsi həyatınızda yaşadığınız problemlərə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildiniz. Həbsdə olduğunuz dövrdə dostlarınızdan, şou nümayəndələrindən kimlər sizi yada saldı?

 

- (Bir az düşünür...) Açığını deyəcəm. Mən həbsdə olanda hamını tanıdım. Elə özümü də. Cəza müəssisəsində belə bir söz var: “İçəridən çöl daha yaxşı görünür”. Mən də həbsdə olanda çoxlarını tanıdım. Bəlkə də bu mənim üçün yaxşı bir sınaq idi. Bu həyatda çoxuna yaxşılıq etmişəm. Özü də ən çox yaxşılığı şou aləmində olanlara etmişəm. İndi onların adlarını da çəkməyəcəm. Mənim həyat dəftərim var. Kimlərə nəsə yaxşılıq etmişəmsə, adlarını o dəftərdə qeyd etmişəm. Bir kimsə mənə sənətə gələndə dəstək olubsa, mən bunu gizlətmərəm. Müğənnilər var ki, yaxşı dostlarımla tanış etmişəm, işlərin həyata keçiriblər. Mənə “çox sağ ol” da deməyiblər. Nə etmək olar? Həyat belədir. İndi də böyük sənətkardırlar.

 

- Söylədiniz ki, həbsxanada bir çox insanlardan savayı, özünüzü də tanıdınız. Özünüzü necə tanıdınız?

 

- Özümü yaxşı mənada tanıdım. Bilirsən, cəzaçəkmə müəssisəsində olanda oturursan tək, üç gün tavana baxırsan və deyirsən “Necə oldu?”, “Niyə oldu?” və “Necə oldu ki, mən bura gəlib çıxdım?”. Bu sualları orada çox düşündüm. Daha sonra qərara aldım ki, mən bu sualların cavabını öz dəftərimə yazım. Və beləcə, hər gün başladım həyatımı yazmağa. Hər gün yeni bir xatirəm yada düşdü. Onları da qələmə aldım. Və sonda həbsimin səbəbini o sualların cavabında tapdım. Belə bir qənaətə gəldim ki, bəlkə də həbsxanaya düşməyi istəyirdim. Bu o demək deyil ki, mən bilərəkdən kimisə döydüm ki, məni içəri salsınlar. Yox. Bu həyat belə gətirdi. Ümumiyyətlə, bir insan şüuraltı nəsə istəyirsə, onu cəlb edir. İstər mənfi, istər müsbət şeyləri. 

 

- Həyatınız əsasən klip və film çəkməklə keçir. Özü də başqalarının həyatını ekranlaşdırırsınız. Maraqlıdır, bəs öz həyatınızdan film çəkmək istəmirsiz?

 

- (Bir az düşünür...) Maraqlı sualdır. Bilirsiniz, onsuz da bilirsən ki, mənim haqqımda nə danışırlar. Deyirlər ki, yekəxanadır, nə bilim nədir. Amma əslində məndən sadə insan yoxdur. İndi qismətim belədir. Mən yazıq nə edim? İndi filim çəksəm, yenə danışacaqlar. Bilirsiniz mən nə fikirləşirəm? Fikirləşirəm ki, həyat hələ davam edir. Həyatın son nöqtəsi ölüm günündə vurulur. Düşünürəm ki, elə bir maraqlı həyat yaşayacağam ki, məndən sonra gələnlərdə maraqlansın ki, belə bir Aqil var idi... Hələ ki, özümdən film çəkməyim tezdir.

 

- Sizin həbs olunmağınız bir çox şou nümayəndələrini sevindirmişdi....

 

- Düzdür. Mənim həbsimə görə sevinənlər çox oldu. Amma indi həmin insanların başı mənim yanımda aşağıdır. Sevinsinlər. Realist insanam. Mən 3 ildir şou-biznesdə yoxam. Klip çəkmirəm. Röya Türkiyədə, Aygün də orda burda klip çəkir. Bu meydan, bu şeytan. Sökün dağıdın. İndi elə bir iş görsünlər ki, Aqilin, Ülviyyə Könülün, Fuad Əlişovun və digərlərinin üstündən xətt çəksinlər. Amma iş görən yoxdur. Üzr istəyirəm, indi “saçyoldu” ən gözəl marketinq üsuludur. Azərbaycan şou-biznesinin necə yaranması və bu günə necə gəlib çatması mənim gözümün qabağında olub. Əvvəllər toylar belə deyildi. İndi çox dəyişib. Azərbaycanda toy iki ailənin reklam kompaniyasıdır. Toy sahibi müğənniləri toya çağırır ki, xeyir işdən sonra müzakirə olunsun ki, “mənim övladımın toyunda filankəs oxuyurdu...” Ona görə də toy indi aktuallaşıb. Hətta mən bəzən düşünürəm ki, toylara gedim. Qəzəl, şeir deyim, pulumu qazanım. Niyə də yox? Çox güman ki, bu istəyimi həyata keçirəcəm.

 

- Bəs rejissorluq və digər işləriniz necə olacaq?

 

- Bilirsiniz, toyda pul var. Əziyyətlə klip çəkirəm. Hətta 2 aya bir reklam işləyirsən, onu da müştəri kaprizlər edir. Bu qədər işin müqabilində 2-3 min pul qazanıram. Niyə əziyyət çəkirəm? Elə toyda 20 dəqiqəlik şeir desəm, yaxşı pul qazanacam.  Hətta düşünmüşəm ki, muğam üzərində yeni şeirlər ifa edim və albom çıxarım. 

 

- Demək olar ki, artıq rejissorluğu atıb, toy biznesinə qoşulursunuz?

 

- Mənim üçün bu çox çətindir. Düşünməzdim ki, gün gələcək, mən peşəkar rejissor vaxt gələcək toylara ehtiyac duyaram. Başqa bir bizneslə də məşğul ola bilərəm. Amma hamısı pul tələb edir. Amma pul qazanmağın ən asan yolu toylara gedib, şeir deməyimdir.

 

- Səsiniz Azərbaycanda işlərinizdən daha çox tanınır. Amma sizin səsinizin eynisini təkrarlayanlar da var.

 

- Sizə deyim ki, mənim brendim, səsimdir. Hara gedirəmsə, məni səsimdən tanıyırlar. Sizə səsimlə bağlı başıma gələn bir hadisəni danışım. Film çəkilişləri üçün ucqar bir kəndə getmişik. Bir qoca kişi mənim səsimi çəkiliş zamanı eşitdi. Dedi ki, “qadan alım, o oğlan sənsən?” Mənə elə gəlir ki, həmin kişi mənim çəkdiyim kliplərdən aktyorluq, reklam işimdən də xəbərsiz idi. Amma mənim səsimi tanıdı. Bu da mənə xoş oldu. Səsim məndən qabaqda gedir. Amma mənim bu səsimin eynisini çıxaranlar var. Birdə görürsən ki, deyirlər ki, Aqil bütün günü efirdə sənin səsini eşidirik. Mən də deyirəm o mən deyiləm, səsimin eynisini edənlərdir. Amma onlar başa düşmürlər ki, Aqil M.Quliyevin reklamı ilə məşğuldurlar.

 

- Bir az da şəxsi həyatınızdan danışaq. Aqil bəy sevib-sevilirmi?

 

- Ümumiyyətlə, mən çox gizli insanam. Şəxsi həyatımı hər kəsdən gizlədirəm. Vaxt olub ki, mən üzdə olan qadınlarla sevgili olmuşam. Amma bu mənə heç zaman ləzzət etməyib. Çünki bir qazanda iki baş qaynaya bilməz. Yəni mən ulduz, o ulduz, alınmır. Sevgili olanda da arada “kim birincidir?” sualı bir gün büruzə verir. Yeni bu münasibət çox çəkmir. Ya o səni, ya sən onu sındırırsan. Mən hansı tanınmış xanımla sevgili olduğumu mətbuatdan gizlətmişəm.

 

- Sualıma dəqiq cavab vermədiniz. Yenidən sevgi yaşayırsınızmı?

 

- Açığını deyim, mən özümə söz vermişəm ki, yenidən sevməyim və qısqanmayım.

 

- Yəni sevgiyə son...

 

- Yox, mən deyə bilmərəm sevməyəcəm. Heç kim öz qəlbinə zəmanət verə bilməz. Bu həyatdır. Amma 10 ildir ki, sevgini özümə qadağan eləmişəm. Sadəcə, sevgi mənim üçün vaxt itirməkdir. Əsas mənə lazım olan peşəmdir.

 

- Yenidən ailə qurmaq fikriniz varmı?

 

- Mən həyatımın çox hissəsini tək yaşamışam. Mən bir insanla eyni mənzildə yaşayım? bu heç ağlıma gəlmir. Mən, məsələn, axşamlar “Youtube”-a girirəm, gözəl bir filmə baxıram. Təsəvvür edin, filmin maraqlı yerində kimsə qapını açır, “Aqil filan şey nətər oldu?”, - deyir. Mən elə yaşamaq istəmirəm. Bu boş söhbətdir ki, “ay evlən, qocalanda bir stəkan su verən tapılsın”. Mən o qədər adam görmüşəm ki, evlənib, uşaqları da olub, amma su verəni tapılmayıb. Mən şəxsən elə istəmirəm. Onsuz da mənim 22 yaşında qızım var. Ola bilsin, 4-5 ilə baba oldum. Düşünürəm ki, ölənə yaxın o qədər pulum olmalıdır ki, yanımda dayanan 2-3 nəfərə pulumu verəm ki, filan işləri görürsüz, məni basdırırsız, baş daşımı da istədiyim formada, dizaynda düzəltdirəsiniz. Ola bilsin, mən sərt sözlər danışıram. Amma bunlar mənim sərt həyat yaşamağımdan irəli gəlir. Mənim üçün ailə qurmaq zad hamısı sovet vaxtında gəldi, getdi.

 

- Həyatdan çox şeylər gördüyünüzü deyirsiz. Nədən təəccüblənə bilərsiz?

 

- İndiki dövrdə Aqili yalnız xoş və təmənnasız, qərəzsiz yaxşılıqlar təəccübləndirə bilər. Başqa heç nə.

 

- Bəs həyatda etdiyiniz hansı hərəkətə görə peşmansız?

 

- (Bir az düşünür...) Nəyə peşman olmuşam mən? Keçmiş haqqında danışarkən bilmək lazımdır ki, onu geri qaytarmaq, yenidən düzəltmək mümkün deyil. Amma həyatımı dəyişmək imkanım olsa idi, mən başqa Aqil olardım. Tam fərqli həyat yaşayardım.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3053
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07