Qonşusunu öldürməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlının sənət dostları onun haqqında paylaşım ediblər.
Lent.az xəbər verir ki, dostları sosial şəbəkə hesablarında ifaçıya dəstək olublar.
Meyxanaçı, ssenarist Pərviz Arif deyir ki, Rəşad Dağlı meyxana sənətinin sütunu idi:
“Baş verən hadisənin təfərrüatlarını bilmədiyim üçün geniş nəsə deyə bilmərəm. Bir onu bilirəm ki, bu hadisə bütün meyxana sənətinin gələcəyini sual altında qoydu. Rəşad Dağlı bizim üçün təkcə yaxşı həmkar, yaxşı dost deyildi. Həm də özümüzün xridar kimi dinləyib zövq aldığı sənətkar idi. Bir çox sənət yoldaşı ilə sadəcə, məlumatların həqiqiliyini öyrənməklə bağlı danışmışıq. Əlavə məlumatım yoxdur.
Allah köməyimiz olsun”.
Pərviz Bülbüləli sosial şəbəkə hesabında Rəşad Dağlı ilə fotosunu paylaşaraq, bu sözləri əlavə edib:
"Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəklin şərhində "Allah fərəc versin" yazaram. Allah qapını açsın, şair...Hər ağızda bir Amin var".
Rəşadın yetirməsi olan meyxanaçı Cahangeşt Balaxanı da ürək sözlərini belə ifadə etdi:
"Allah özü sənə yar olsun, qardaşım. Sənin necə insan olduğunu səninlə şəxsi tanışlığı olmayan insan sərrafları da yaxşı bilir. Dualarımız səninlədir. Tezliklə görüşmək ümidi ilə ...".
Rəşadın sənət dostu Nicat Mənalı da ona dəstək verənlərdən oldu:
"Çox üzücü xəbər oldu, qardaş. Allah şeytana lənət eləsin. Tezliklə ailənin, balalarının yanında görək. Çoxları aramızdakı aqressivliyi bilsələr də, biz həmişə özümüzə hörmətimizi, etibarımızı saxlamışıq. Allah köməyin olsun".
Meyxanaçı Xosrov Maştağalı “Allah qapını açsın, şair. Sevinənlərin başına gəlsin. "Drillaylar" axır ki, çatdılar arzularına” - deyə, paylaşım edib.
Meyxana ifaçısı Ağa Maştağalı da Rəşada öz dəstəyini paylaşımla ifadə edənlərdəndir. Həmçinin, meyxanaçı Fariz Bərdəli də təəssüratlarını belə bildirib:
"Allah qapını açsın, qardaş. Səni həmişə ailənin başında, balalarının yanında görək!".
Bundan başqa, meyxanaçının sənət dostu insanları saytımız vasitəsilə, yayılan dezinformasiyalara inanmamağa çağırıb:
"Rəşad həm gözəl qardaşdır, həm də hər zaman cavanları zərərli maddələrdən yayınmağa çağırıb. İnşallah, tezliklə həbsxanadan azadlığa çıxsın. Bu məsələ ilə bağlı çox şey bilmirəm və məsləhətimdir ki, hər deyilənə də inanmayın. Dediyim də odur ki, dərd, kədər çəkən ailələr oldu. Allah onlara da kömək olsun".
Qeyd edək ki, 38 yaşlı Rəşad Əmirov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməkdə təqsirli bilinir.