Dünya şöhrətli müğənni Ledi Qaqanın atası Co Cermanotta miqrantların Nyu-York şəhərinin elit rayonlarını zəbt etməsinə qarşı çıxış edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 66 yaşlı Co bu ərazidə yaşayan gəlmələrə qarşı faktları siyahıya alır və gələcəkdə bunu polisə təqdim etmək niyyətindədir.
Cermanotta bildirib ki, həmin ərazidə yerləşən evinin yaxınlığında şəhər rəhbərliyi 500 nəfərlik sığınacaq açıblar. Məhz bu sığınacaq açıldıqdan sonra elit rayonda fahişəliyin yayılması, səs-küy, asayişin pozulması halları çoxalıb.
“Əgər bu hallar qızım balaca olarkən yaşansaydı, mən Nyu-Yorkdan köçüb gedərdim. Şəhəri zəbt etmiş qonaqlar özlərini abırlı aparmağa borcludurlar. Miqrantlar pis insanlar deyillər. Lakin düşdükləri mühitə uyğunlaşmağı öyrənməlidirlər. Biz onların qaydaları ilə yaşamırıq. Əlavə problemlər yaratmasınlar”, - o bəyan edib.