Müğənni Nura Suri Bakı şəhərinin sosial problemlərindən yazıb.
Lent.az-ın məlumatına görə, müğənni bulvarda skuter sürənlərdən tutmuş, pullu parklanma, tıxaclara qədər hər şeydən gileylənib:
"Bulvarda skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir, guya qadağan olunmuşdu.
Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu çimərliklərdir, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar.
İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də. Anında “parkovşik” adıyla gəlib 2 manat alırlar. İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə".