“Azərbaycanın müsabiqədə layiqli yer qazanacağına inanıram” - MÜSAHİBƏ
01 dekabr 2012 11:20 (UTC +04:00)

“Azərbaycanın müsabiqədə layiqli yer qazanacağına inanıram” - MÜSAHİBƏ

“Junior Eurovision” müsabiqəsinin icraçı rəhbəri, “Eruovision Song Contest”in təşkilati işlər üzrə rəhbəri Sietse Bakkerin APA-nın Amsterdama ezam olunmuş müxbirinə müsahibəsi.

- Bu, sizin rəhbərliyiniz altında keçirilən sonuncu “Junior Eurovision” yarışmasıdır. Tutduğunuz vəzifəsini başqasına təhvil vermək çətin deyil ki?

- Təbii ki, işdən ayrılmaq hər zaman çətin və kədərli olur. Amma nəzərə almaq lazımdır ki, mən “Eurovision” mahnı müsabiqəsindən tamamilə getmirəm, sadəcə, “Junior Eurovision” yarışmasındakı icraçı rəhbər vəzifəsini başqasına dövr edirəm. Bunun əsas səbəbi isə “Eurovision” mahnı müsabiqəsinə dair bir sıra yeni ideyaların olmasıdır. Bu ideyalar üzərində düşünmək, onların ən yaxşısını həyata keçirmək üçün daha çox zaman ayırmaq istəyirəm. Baxmayaraq ki, “Junior Eurovision” “Eurovision” mahnı müsabiqəsi kimi böyük bir layihə deyil, bir neçə Avropa ölkəsinin iştirak etdiyi bir yarışmadır və təbii ki, bunun da yüksək səviyyədə həyata keçirilməsinə yetəri qədər vaxt ayırmaq lazımdır. Keyfiyyətli işlər görmək üçün bu addımı atmaq məcburiyyətindəyəm. Yeni rəhbər Vlad Yakovlev eyni zamanda “Eurovision Young Musicians”, “Eurovision Dance Contest”da işləyib və düşünürəm ki, yeni vəzifənin öhdəsindən layiqincə gələcək.

- Avropa Yayım Birliyi (EBU) musiqi sahəsində bir sıra layihələr həyata keçirir. Bu layihələri artırmaq üçün yeni ideyalar varmı?

- Ağlımızda bir neçə yeni layihə var. Layihələr var ki, onların inkişafı, həyata keçirilməsi çox qısa zaman tələb edir. Bəzilərində isə əksinə, layihələrin reallaşması çox uzun çəkir. Bilirik ki, Avropa bu gün müəyyən iqtisadi çətinliklərlə üzləşib. Ona görə də hər ağıla gələn layihəyə pul ayırmaq olmaz. Bu layihələrdən hansının daha çox seviləcəyi, hansını tamaşaçıların qəbul edəcəyini öncədən bilmək lazımdır. Ağlımızda olan layihələr də hazırda bu mərhələdədir və biz onlardan hansının tutub-tutmayacağı ətrafında düşünürük.

- Maraqlıdır, bu il “Junior Eurovision”a nə qədər maliyyə xərclənib?

- Bu il “Junior Eurovision Contest”in 10 illiyidir, bu əlamətdar hadisəni yaddaqalan etmək üçün Niderland Yayım Şirkəti lazım olandan da çox maliyyə vəsaiti ayırıb. Ayrılan vəsait şənbə günü, dekabrın 1-də axşam yayımlanacaq canlı şounu “Eurovision” standartlarına uyğun, daha parlaq etmək üçün xərclənib.

- Mətbuat konfransında vurğuladınız ki, “Junior Eurovision”a növbəti il ev sahibliyi etmək üçün bir neçə ölkə ilə danışıqlar aparılır. Maraqlıdır, o ölkələr arasında Azərbaycan varmı?

- Bu barədə dəqiq heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, danışıq apardığımız ölkələrin sayı birdən çoxdur. Müsabiqəyə ev sahibliyi etmək həmin ölkənin maliyyə vəziyyətindən asılıdır. Yuxarıda da qeyd etdiyim kimi, Avropada iqtisadi böhran yaşanır. 2013-cü ilin ilk ayında bu müsabiqəyə ev sahibliyi edəcək ölkənin adı açıqlanacaq. Bu yarışmaya ev sahibliyi etmək üçün təkcə maliyyə resursu vacib deyil, eyni zamanda texniki və yaradıcı mənbələr də olmalıdır. Təbii ki, “Junior Eurovision”un da müəyyən qanunları var və onlara riayət etmək lazımdır.

- Azərbaycan bu il ilk dəfə “Junior Eurovision” müsabiqəsində təmsil olunur. Azərbaycanın ilk azyaşlı təmsilçiləri - Ömər və Suadanı necə qiymətləndirirsiniz?

- Bu il Azərbaycanın “Junior Eurovision”da ilk iştirakıdır və bu seçimi çox bəyənirəm. İlk iştirak növbəti illər üçün ölkəyə, eyni zamanda ifaçıların marağının artmasına zəmin yaradacaq amildir. Düşünürəm ki, Azərbaycanın ilk çıxışı üçün Ömər və Suada çox uğurlu seçimdir. Onlar səhnədə çox peşəkar, olduqca rahat, öz işlərini olduqca peşəkar yerinə yetirirlər. Onların ifa etdiyi mahnı, mahnılarını hiss etmək bacarıqları çox gözəldir. Azərbaycanın müsabiqədə layiqli yer qazanacağına inanıram.

- “Junior Eurovision” yarışmasına daha çox ölkənin cəlb edilməsi istiqamətində hansısa addımlar atılacaqmı?

- Hazırda 12 ölkə iştirak edir. Növbəti illərdə bu yarışmaya marağın artması üçün çalışırıq. Bu, iştirakçı ölkələrin maliyyə durumundan asılıdır. Hər ölkə iştirak haqqını ödəməli və hazırlaşmalıdır. Arzu edirəm ki, növbəti illərdə bu say artsın və daha çox olsun.
# 1097

Oxşar yazılar