Oktyabra fransız ulduz falı
03 oktyabr 2012 06:57 (UTC +04:00)

Oktyabra fransız ulduz falı

QOÇLAR məharətlə danışıqlar aparan peşəkar diplomat olduqlarını bir daha təsdiq edəcəklər. Ailədə sanki dünən bir-birinizi qırırdınız, bu gün isə əsl idilliya yaşayırsınız. Başqası bəlkə də belə bir emosional təzyiqə davam gətirə bilməz. Sizin həyatınız isə belə səhnələrsiz sanki sönükləşir. Yandırıb-yaxan hisslər kükrəyib coşmayanda həyat da cansıxıcı görünür. Subaylar ürəklərini ovlayacaq namizədi hələ də tapmayıblar. Bu, öhdəliksiz-filansız yüngül eşq macəraları yaşamanıza əsla mane olmur. İşdə qeyri-müəyyənlikdir. Görəsən, layiq olduğunuz qiyməti ala biləcəksinizmi? Bu arada danışıqlar aparır, məktublar yollayır, rəhbərliklə görüşürsünüz. Səbirli olun. Sərfəli bir kontraktdan gələn sanballı qazanc ürəyinizə sərin su səpəcəkdir.
BUĞALARIN ailələrində çoxdan gözlənilən tarazlıq, nəhayət, bərqərar olacaqdır. Görəsən, atəşkəs rejimi uzun sürəcək, yoxsa ömrü qısa olacaqdır. Hər şey özünüzdən asılıdır. Tərəf-müqabilinizi təbdən çıxaran sizsiniz. Bu bürcün tənha nümayəndələrini qeyri-adi görüş gözləyir. Tanışlığın elə ilk anından sizə elə gələcək ki, sanki bu insanı ömür boyu tanımısınız. Bəlkə axtardığınız əsl məhəbbət elə odur? İşdə qarşınızda duran bütün vəzifələri icra etmək üçün bütün enerjiniz, səbriniz və müdrikliyiniz tələb olunacaqdır. Səyləriniz tezliklə mükafatlandırılacaqdır. Lakin gözəl nəticələr gözləyərkən, pul kisənizin ağzını açarkən ehtiyatlı olun.
Evli ƏKİZLƏRİN nə əvvəlki səbrindən əsər-əlamət qalıb, nə də tərəf-müqabillərini dinləməyə hövsələləri. Qatı fərdiyyətçilər isə subaylığın daşını atmaq qərarına gəliblər. Amma bu yolda sizi gizli əngəllər, böyük çətinliklər və təlatümlər gözləyir. İşdə maksimum diqqətli və ehtiyatlı olmalısınız ki, gözəl fürsəti əldən qaçırmayasınız. Bəzi müvəqqəti çətinliklərə baxmayaraq, siz daşınmaz əmlak almaq barədə düşünürsünüz.
XƏRÇƏNGLƏRİN ailəsində gah ehtiraslar kükrəyir, gah tam sakitlikdir. Siz təkrar-təkrar ümumi xatirələrə dönürsünüz, halbuki rahatlığınız üçün onları çoxdan unutmalısınız. Qayğısız subaylar məhəbbətə, yaxud dostluğa üstünlük verəcəklərini heç cür aydınlaşdıra bilmirlər. Tərəf-müqabiliniz isə özü üçün hər şeyi aydınlaşdırıb, indi sizin seçim etməyinizi gözləyir. İşəgötürənlə danışıqların nəticəsi uğurlu olacaqdır. Bu zaman məvacibiniz sizin üçün prioritet məsələ olmalıdır. Axı, tələbatınız elə hey artır.
Ailəvi ŞİRLƏR asudə vaxtlarını həvəslə həyat yoldaşları ilə keçirirlər. Təmir, alış-veriş və bazarlıq sizi bir-birinizə getdikcə daha çox yaxınlaşdırır. İsti yuva qurmaq barədə fikirləri doğma bir insanla görüşün intizarı əvəzləyir. Taledən hədiyyə gözləməkdən bezən islahedilməz xudbinlər isə romanlarının qəhrəmanının axtarışına çıxıblar. İşdə vəziyyət əladan əladır. Vəzifənizi artıracaqları istisna deyildir. Cəmi bir qüsurunuz var, o da qüsursuzluğunuzdur. Üstəlik, bütün məsuliyyəti öz üzərinizə götürürsünüz. Onda tabeçiliyinizdəki bu qədər adama nə ehtiyac var? Artıq xərcləri ixtisara salmalısınız.
QIZLAR ailədə özlərini bir qədər narahat hiss edirlər. Unutmayın ki, etimadsızlıq möhkəm bir nikahı boşanmaya gətirib çıxaran yoldur. Saatlarınızı tutuşdurun, onda vəziyyət öz-özünə düzələcəkdir. Tənha səyyahları isə ürək parçalayan, eyni zamanda çox şirin bir ehtiras gözləyir. Siz ailə qurub uşaq dünyaya gətirmək istəyirsiniz. Düz də edirsiniz. İşdə sizə əsl qəhrəman kimi yanaşırlar. Rəhbərliyin canı-ciyərisiniz, əməkdaşların yanında isə böyük hörmət sahibisiniz. Sizə perspektivli bir kontrakt tapşırılıbdır, yavaş-yavaş pul da gəlir, gələcəyə nikbinliklə baxmaq üçün isə hər cür əsasınız vardır.
Ailəvi TƏRƏZİLƏR nikahlarını möhkəmləndirməyə çalışırlar. Tərəf-müqabiliniz isə sizə qarşılıq verməyə tələsmir. Onun könlünü almaq üçün xahişlərinin bir qismini yerinə yetirə bilərsiniz. Onda ortadakı umu-küsünü aradan qaldırmaq çətin olmayacaqdır. Tənha səyyahlar çox ehtiyatlı tərpəndikləri üçün həyat da aramla ötüşür. Siz yalnız dostluğa üstünlük verirsiniz. İşdə yeni kontrakt təkliflərinin çoxluğundan əziyyət çəkirsiniz. Karyera pillələri ilə irəliləmək üçün uzaqgörənlik nümayiş etdirib staj keçməyə hazırlaşırsınız. Düşündüyünüz şeyləri almaq üçün indi çox əlverişli bir zamandır.
ƏQRƏBLƏRİN ailəsində xoşbəxt bir dövrdür. Siz ikiniz də böyük həvəslə yuva qurursunuz. Tənha səyyahlar əsl məhəbbətlərinə rast gəldiklərini düşünürlər, hərçənd həyat sürprizlərlə doludur. Taleyinizi sevdiyiniz sandığınız başqa insanla bağlamazdan əvvəl onun yaxından tanımağa çalışın. İşdə əsl çeviklik və müdriklik mücəssəməsisiniz. Karyera yolunuz hamardır. Büdcənizi soyuqqanlılıqla idarə etməlisiniz.
OXATANLARI ailə münasibətləri razı salır. Amma sanki nə isə çatışmır. Tərəf-müqabilinizlə şam işığında romantik yeməklər, birgə teatra getmək və sadəcə adi gəzinti gündəlik həyatınıza rövnəqlik qatardı. Subaylar isə sonradan başlarına döyməmək üçün ehtiyatlı davranmalıdırlar. Sınamağına sınayın, amma ehtiyatı əldən verməyin. İşdə maraqlı layihələriniz bədxahlarınızı da cəlb edir. Onların üstünlüyü ələ almalarına imkan verməyin. Özünüzü və ailənizi gözəl hədiyyələrlə sevindirin.
OĞLAQLAR hər fürsətdə ömür-gün yoldaşlarını tənqid etməkdən yorulmurlar. Görəsən, nə üçün kamillik axtarışındasınız. Məgər özünüz süddən çıxmış ağ qaşıqsınız? Alicənablıq nümayiş etdirin. Bu, yeni mərhələyə qədəm qoyan çox gözəl münasibətlərin başlanğıcı olacaqdır. Tənha səyyahların ürəkləri tıp-tıp döyünsə də, bu həyəcanlı vəziyyətin obyekti hələ məlum deyildir. Keçmiş məhəbbətiniz yenə də səhnəyə çıxıb monoloqunu söyləyir. İşdə ixtilafları rahat həll etmək üçün səbirli və hövsələli olmalısınız. Həmkarlarınızın başı öz işlərinə qarışıb, amma siz bütün əngəlləri təkbaşına aradan qaldıra bilərsiniz. Siz hətta daşınmaz əmlak almaq barədə düşünürsünüz.
DOLÇALARIN başı peşəkarlıqla bağlı problemlərə elə qarışıb ki, həyat yoldaşlarını tamamilə unudublar. Onunla yalnız cari məsələləri müzakirə edirsiniz. Bəs şampan şərabı, qızılgüllər? Axı, münasibətləriniz yavaş-yavaş soyumağa doğru gedir. Bu zəmanədə iş-güc sahibi olmaq gözəl şeydir. Amma şəxsi həyatı, ailəni unutmaq olmaz. Tənha səyyahlar düşüncələrə və xəyallara dalıblar. “Həqiqətənmi sevib-sevilmisiniz, yaxud layiqli bir insanı sevmisiniz” sualları rahatlıq vermir. İşdə hər şey yüksək keyfiyyətli asfalt yol kimi hamardır. Yeni vəzifə, yeni perspektivlər və bacarığınızı ortaya qoymaq üçün qeyri-məhdud imkanlar. Üstəlik, yeni mənbələrdən gəlirlər ən cəsarətli planlarınızı həyata keçirməyə imkan verir.
Ailəvi BALIQLAR ömür-gün yoldaşlarından uzaqdadırlar, lakin artıq darıxmağa başlayıblar. Tənhalıq getdikcə daha çox xoşunuza gəlir. Əsl məhəbbət də məsafədən tanınır. Fərdiyyətçilər məyus olurlar. Siz az qala yeni bir eşq macərası yaşamaq ümidinizi itirmisiniz. Vəziyyət göründüyü qədər acınacaqlı deyildir. İşdə sakitlikdir. Sənət aləminə baş vurmaq təskinlik verir. Sərfəli bir iş görmək imkanı əldə edirsiniz. Həddən artıq riskə getməsəniz, sanballı gəlir götürə bilərsiniz. Ürəyinizdə ümdə bir arzu tutun, çünki arzunuz bu ay mütləq həyata keçəcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar