Ehtiyatda olan həkim, 10 il profilaktik tibb sahəsində çalışmış, immun gücləndirici məhsullar Azad Qəhrəmanov koronovirusla mübarizə üçün bildiklərini sosial şəbəkələrdə paylaşıb. Lent.az sözügedən postu təqdim edir:
"Son həftələrdə COVİD-19 a yoluxmuş 10-a yaxın dost-tanışla, həmçinin xəstələrlə işləyən həkim dostlarla ətraflı söhbət eləmişəm və eləcə də yenilikləri də çalışıram daim izləyim.
Birincisi COVİD-19 un adi QRİP-dən fərqi nədir?
1. Adi qripdən daha yoluxucudur. Yoluxma ehtimalı yüksəkdir.
2. Daha təhlükəlidir. Adi qripdə də pnevmoniya (sətəlcəm) ağırlaşmaları olur. Lakin COVİD-19 bu cəhətdən daha aqressivdir, daha çox adamda və daha ağır şəkildə ağciyər iltihabı yarada bilir. Təngnəfəslik və ən ağır halda isə boğulma.
Bəs necə mübarizə aparmalıyıq, özümüzü necə qorumalıyıq?
Birincisi anlamalıyıq ki bu xəstəlik bizim immun sistemimizlə COVİD-19 adlanan virusun mübarizəsində formalaşır. Yəni xəstə ilə ünsiyyətdə olmuşuqsa 100% xəstələnəcəyik deyə bir şey yoxdur. İmmunitetimiz güc gəlirsə xəstələnmirik və ya xəstəliyi əlamətsiz, çox yüngül formada keçiririk. Bəzən heç xəbərimiz də olmur.
Virus çox olursa və immunitetə qalib gəlirsə xəstəlik inkişaf edir. Və hara qədər inkişaf edəcəyi, nə qədər ağırlaşma olacağı, yenə orqanizmimizin immun gücündən və özümüzün orqanizmimizə verdiyimiz dəstəkdən (qidalanma, istirahət, vitaminlər, dərmanlar) asılıdır.
Deməli koronovirus xəstəliyinin inkişaf üçün birincisi immunitet zəifləməli, ikincisi isə orqanizmə çox miqdarda virus düşməlidir. İmmunitet çox zəifdirsə az miqdarda virus belə xəstəlik yaratmaq üçün yetərlidir.
Hələlik koronanın məlum olan ən güclü dərmanı bizim öz daxilimizdədir!
Bu bizim immun hüceyrələrimizdir. Qan analizi verəndə çıxan uzun siyahının əksəriyyəti sizin immun hüceyrələrinizi göstərir. Bax o immun hüceyrələrin bir qisminin işi elə orqanizmə düşən virusları tutub məhv etmək, hətta həzm etməkdir (yeməkdir). Avstraliyalı alimlər müəyyən ediblər ki konkret 4 növ immun hüceyrəmiz koronovirusla mübarizə aparır.
Bizim virus əleyhinə olan immun hüceyrələrimiz virus öldürməkdən həzz alırlar. Sadəcə onların bu işi yaxşı görmələri üçün birincisi sayları yetərincə olmalıdır. Orqanizm yaxşı işləyirsə, sağlamdırsa hər gün onları istehsal edə bilir. İkincisi orqanizmdə onların sərbəst hərəkət edə bilməsi üçün yaxşı şərait olmalıdır. Bədənimizdə turşu – qələvi balansı yaxşı olmalıdır, maye yetərincə olmalıdır. Məsələn davamlı olaraq çox şirniyyat yeyəndə orqanizmdə turşuluq artdığı üçün immun hüceyrələr passivləşirlər, hərəkət etmirlər. Su az içənlərdə də, fiziki cəhətdən passiv insanlarda da maye dövranı (qan, limfa, hüceyrəarası maye) zəif olduğu üçün immmun hüceyrələri “döyüş” yerlərinə vaxtında çata bilmirlər. Nəticədə virus hüceyrələrə daxil olur, artıb çoxalır.
Deməli özümüzü koronavirusdan qorumaq üçün 2 iş görməliyik. Bu iki işi doğru şəkildə etsək pandemiya bizdən və yaxınlarımızdan yan keçəcək:
1. İmmunitetimizi gücləndirməliyik. İmmunitetimiz güclü olarsa o bədənə daxil olan virusları çevik şəkildə məhv edər. Buna görə də təcili şəkildə immuniteti gücləndirən tədbirlər görməli. İmmuniteti aşağı salacaq səhlənkarlıqları isə etməməliyik. İmmuniteti nə gücləndirir:
A. Yaxşı yuxu. Ən azı 7-8 saat.
B. Bol vitamin, mineral. Meyvə - tərəvəz, bal, zəncəfil, limon. Əlavə olaraq da vitamin kompleksləri qəbul edə bilərsiz. Adətən vitamin artıqlığı olmur. Ondan qorxmayın. Bal, zəncəfil, limon da öz yerində.
C. Bol su içmək. Bura hörmətli bitkilərin dəmləməlirini də əlavə edə bilərsiniz.
D. Təmiz hava və fiziki aktivlik.
E. Bol oksigen, sürətli qan döranı immuniteti daha da gücləndirəcək.
F. Yaydır deyə günəş, hava, su vannası da qəbul edə bilərsiz. Bunların 3-ü ən yaxşı immungücləndirici prosedurlardır. Çimərlikləri gərək açalar.
2. 2-ci etməli olduğumuz iş - Orqanizmimizə çox həcmdə virusun düşməsinin qarşısını almaqdır. Virusun xəstəlik yarada bilməsi üçün onun orqanizmə düşən sayının müəyyən həddi aşması lazımdır. Orqanizmə davamlı olaraq və çox miqdarda virus düşdükdə, üstəgəl immunitet zəif olduqda artıq elə bir məqam gəlir ki viruslar bizim immun hüceyrələrini üstələyir və sonra hüceyrələrə daxil olaraq onun içində çoxalır və beləliklə orqanizmi xəstələndirir.
A. Maska taxmaq. Biz maska taxmışıqsa yaxınlığımızda xəstə adam olsa belə yoluxma ehtimalını 70% azaldırıq. Xəstə adam da maska taxmış olarsa yoluxma ehtimalı 1%-ə qədər düşür. Maska taxın və ətrafdakılardan da bnu xahiş edin.
B. Əli yumaq və spirtləmək. Xəstə öskürəndə su damcıları əlinin iç səthinə yapışır və o əli toxunduğu hər yeri infeksiya mənbəyinə çevirir.
C. İnsanların nəfəsi ilə nəfəs alacağınız qədər onlara yaxın durmayın. Məsafə saxlayın ki orqanizminizə virus düşməsin və immunitetinizi yükləməyisiniz.
Xəstəlik ən çox necə baş qaldırır?
A. Bədəni çox soyutmaq. Yaydır deyə “kondisioner soyuqdəyməsi” ehtimalı yüksəkdir. Çooox ehtiyatlı olun. Bəzən biz virusu artıq qəbul etmiş oluruq, lakin bir neçə gün sonra özümüzü yaxşıca soyuğa verəndə o baş qaldırır və aqressiv fazaya keçir.
B. Davamlı yuxusuzluq. 2-3 gün az yatmaq bəs edir ki immun sistemi çox zəifləsin və elə ilk kontaktdan virusa yoluxasan. Həkimlərin və tibb işçilərinin ən çox yoluxanlar arasında olmasının səbəbi də yuxusuzluq və xroniki yorğunluqdur.
C. Uzun müddətli kimyəvi dərman müalicəsi. Məhz bu səbəbdəndir ki son dövrlərdə hansısa xroniki xəstəlik səbəbindən uzun müddətli müalicə almış şəxslər koronaya qarşı daha zəif olurlar. Bu şəxslər heç vaxt itirmədən immun sistemlərini gücləndirməlidirlər! Xəstəliyin baş qaldırmasını gözləməyin!
Dostlar əvvəl axır biz bu virusla baş etməyi öyrənəcəyik.
Yadımdadır biz universitetə hazırlaşanda dünya QİÇS (AİDS – ingiliscə, SPİD – rusca) qarşısında aciz görünürdü.
Hazırda isə bütün ölkələrdə QİÇS mərkəzləri var və yoluxmuş şəxslər belə daimi nəzarət və bəzi dərmanların sayəsində uzun yaşaya, övlad sahibi ola bilirlər".