Toy sahibini yaraladı, avtomobili saxladıb 4 dəfə  atəş açdı - Qazaxda film kimi CİNAYƏT
27 dekabr 2025 17:10 (UTC +04:00)

Toy sahibini yaraladı, avtomobili saxladıb 4 dəfə atəş açdı - Qazaxda film kimi CİNAYƏT

0

Qazaxda avtomobillə qohumunu təqib edib atəş açan şəxs həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. 47 yaşlı Etibar Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə qohumunu təqib edib və naməlum istiqamətdə ard-arda atəş açıb.

İttiham aktına görə, tərəflər arasında ilk hadisə Birinci Şıxlı kəndindəki şadlıq sarayında keçirilən sünnət toyunda qeydə alınıb. Naməlum səbəbdən Etibarla qohumu Fərid (şərti adla) arasında dava düşüb. Bu zaman Etibar bıçaq çıxararaq, havada nümayiş etdirib və onları aralamaq istəyən toy sahibi qolundan xəsarət alıb.

Bundan başqa, o, magistral yolda hərəkətdə olarkən aralarında mübahisə olan Fəridi başqa avtomobilin arxa oturacağında görüb. Etibar həmin avtomobilə yaxınlaşaraq, sürücüdən bir neçə dəfə maşını dayandırmağı istəyib. Lakin Fərid həmin sürücüyə avtomobili dayandırmamağı, Etibarın əlində silah gördüyünü bildirib. Etibar əlindəki tapançanı göstərəndən sonra sürücü avtomobili dayandırıb və qorxudan əllərini qaldıraraq, üzünü başını gizlədib. Bu zaman Etibar naməlum istiqamətdə 2 dəfə atəş açıb. Fərid avtomobildən düşərək qaçıb və bu anda da Etibar yenə 2 dəfə atəş açıb.

Bu hadisədən sonra o, bir gecə Qazaxda qalandan sonra Bakıya gəlib. Bakıda eşidib ki, Qazax polisi hər yerdə onu axtarır. Bu səbəblə yük maşınları ilə Ağstafaya qayıdıb və piyada qanunsuz yolla Gürcüstana keçib və Rustavi şəhərində yaşayıb. Bir neçə ay burada qalandan sonra geri qayıtmaq üçün Gürcüstandakı azərbaycanlıların birindən kömək istəyib və ünvanı deyib. Bundan sonra Gürcüstan polisi yaşadığı ünvana gələrək, onu saxlayıb. Tbilisi şəhər Məhkəməsi Etibarı ölkəyə qanunsuz keçdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum edib. Həbs müddəti bitəndən sonra isə Etibar Həmidov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Nəticədə Etibar Həmidov saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı təqsirləndirilən şəxs zərərçəkənlərlə barışdığını, onların şikayət və tələbinin olmadığını, həmçinin himayəsində azyaşlı xəstə uşağının olmasını nəzərə alaraq, yüngül cəza verilməsini xahiş edib.

Qazax rayon Məhkəməsinin qərarı ilə Etibar Həmidov 3 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar