Müğənni Abraham Russonun həyatına sui-qəsddə şübhəli bilinən çeçenistanlı sərbəst güləşçi Tarxan Eldukayevə qarşı yeni ittiham irəli sürülüb. Proses istintaq təcridxanasında dörd vəkilin iştirakı ilə həyata keçirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Eldukayev bəziləri 1996-cı ilə aid olan iki qətl və iki cinayətə cəhddə ittiham olunub.
İstintaqın məlumatına görə, həmin vaxtlarda “Zar” şirkətinin rəhbəri Tair Qurşumovla “KBF AST” MMC-nin baş direktoru Telman İsmayılov arasında münaqişə yaranıb. Səbəb isə Çerkizovski bazarında icarədən əldə olunan gəlirin bölüşdürülməsi olub. Buna görə İsmayılov onun mühafizə xidmətinin rəhbəri olan Eldukayevə üz tutub. İttihama görə, Eldukayev 1996-cı ilin dekabrında Qurşumovu öldürmək üçün killer tutub. Nəticədə Qurşumov öldürülüb, qardaşı isə yaralanıb.
Tərxan Eldukayev
O, həmçinin 2004-cü ildə müğənni Abraham Russoya qarşı sui-qəsddə iştirak etməkdə ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, Eldukayev sənətçinin avtomobilinə atəş açıb və onun mühafizəçisini öldürüb. Bu cinayəti törətmək üçün ona verilən mükafatın məbləği 100 min dollar olub.
Lakin Eldukayev təqsirini etiraf etməyib və İsmayılovun mühafizəçisi işləmədiyini bildirib. O, müstəntiqlərə Telman İsmayılovu üçüncü şəxslər vasitəsilə tanıdığını deyib.