Oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Şəki rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 35 yaşlı Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu 41 yaşlı Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Saat: 16:46
Oktyabrın 26-da saat 16 radələrində 41 yaşlı Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 35 yaşlı İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.