Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub.
Samux rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq tədbirləri davam etdirilir.
***
20 fevral, saat 21:12
Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölməsi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R. Bəşirovun yumruqla O. Əliyevi vuran zamanı ölməsi məlum olub. R. Bəşirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir