CİNAYƏT İŞİ
Qısa arayış...
2021-ci il sentyabrın 12-də Bakının Binəqədi rayonunda kişi arvadını öldürməyə cəhd edib. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.
Məlum olub ki, cinayət hadisəsi İ. Dağıstanlı küçəsində Zeytunluq adlanan ərazidə baş verib. Zərərçəkən Təhminə Hüseynova bıçaq xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardım nəticəsində qadının həyatı xilas edilib. Onu bıçaqlayan əri Xaliq Hüseynov Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşlarına təslim olub, onlar isə həmin şəxsi 4-cü PolisŞöbəsinə təhvil veriblər.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Xaliq Hüseynov 1986-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. Binəqədi rayon məhkəməsinin 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsionin 177-ci (oğurluq) maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 12-i saat 22 radələrində İ.Dağıstanlı küçəsi, Zeytunluq adlanan ərazidə Xaliq Hüseynov arvadı Təhminə Hüseynova ilə söhbət edərkən, qadın övladları ilə Rusiya Federasiyasına getmək və ümumiyyətlə ondan ayrılmaq istədiyini bildirib. Buna görə Xaliq yoldaşının həyatında başqa insanın olmasını və ona xəyanət etməsini ehtimal edib. Ailə münasibətlərinin pozulması zəminində onu öldürmək istəyən Xaliq Hüseynov əlləri ilə Təhminə Hüseynovanın boğazını sıxıb, onu boğmağa başlayıb. Daha sonra bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Təhminə Hüseynova yerə yıxıldığından, onu ölmüş hesab edərək, hadisə yerindən uzaqlaşıb. Yaxınlıqda, postda xidmətdə olan Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşaraq, ona arvadını öldürdüyünü bildirib. Respublika Klinik Xəstəxanasına çatdırılan Təhminə Hüseynovaya ixtisaslı tibbi yardım göstərilməklə, həyatı xilas olunub.
Hadisə baş verən ərazi
İş üzrə dindirilmiş Xaliq Hüseynov bildirib ki, xalası qızı Təhminə Hüseynova ilə 2017-ci ildə ailə həyatı qurub. Nikahdan iki övladları dünyaya gəlib:
“Binəqədi rayonun Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsi, 7 ünvanında yaşayırdıq. Təhminə heç vaxt işləməyib, evdar qadın olub. 2021-ci il mayın 31-də qayınatam Əli Abbasov atamın il dönümünə görə Azərbaycana gələndə, onun təklifi ilə ailəmlə birlikdə Rusiya Federasiyasına köçüb, orda yaşamaq qərarına gəldim. Lakin Təhminə səbəbini izah etmədən mənim onlarla getməyimi istəmədi. Baş vermiş hadisəyə qədər bir neçə dəfə bu barədə söhbət etdik. Sentyabrın əvvəllərində qayınatam özünə, mənə, arvadım və övladlarıma ayın 13- gecə saat 3-ə aviabiletlər aldı. Bunu bilən yoldaşım mənimlə soyuq rəftar etməkdə davam etdi. Sentyabrın 12-də səhər ailə üzvlərim təyyarəyə uçuşa buraxılmaq üçün Neftçilər xəstəxanasına gedib, “COVID-19" testi verdilər. Testin nəticələri hamıda neqativ çıxdı.
Xaliq Hüseynov
Saat 22 radələrində Təhminəyə çıxıb, bir az küçədə gəzməyi təklif etdim. “Heydər” məscidinə gedən istiqamətdə, Zeytunluq ərazidə söhbət edərkən arvadım məndən ayrılmaq istədiyini söylədi. Uçuşa az qalmış Təhminənin bu fikirdə olması mənə pis təsir etdi. Bundan qəzəblənərək onu boğmağa başladım. Huşunu itirən Təhminə yerə yıxılanda, bıçaqla sinəsinə zərbələr endirdim. Zərbələrin sayını xatırlamıram. Təhminə özünü müdafiə edərkən, bıçaq zərbələri onun əllərinə və qollarına da dəyib. Bundan sonra arvadımdan səs gəlmədiyini görüb onun öldüyünü fikirləşdim. Yola çıxıb xidmətdə olan polis əməkdaşlarına yaxınlaşdım və arvadımı öldürdüyümü billdirərək, bıçağı onlara verdim. Xidməti avtomobillərinə əyləşib, polisləri hadisə baş verən yerə apardım”.
Xaliq Hüseynov əlavə edib ki, onlarla Rusiyaya getməyini istəmədiyindən yoldaşının yad insanla münasibətindən şübhələnib və ayrılmaq istədiyinə görə onu öldürmək istəyib.
Təhminə Hüseynova
Zərərçəkmiş Təhminə Hüseynova ifadəsində göstərib ki, həmin axşam Xaliqi xeyli danlayaraq, onun psixi vəziyyətinin normal olmadığını və ciddi müalicəyə ehtiyacı olduğunu deyib:
“Bu səbəbdən Moskva şəhərinə getməkdən onu çəkindirməyə çalışırdım. Xaliq məndən əsəbi şəkildə susmağımı tələb etdi, sonra da hər iki əli ilə boğazımdan tutaraq, səsimi kəsməyə çalışdı. Nəfəsimin çatmadığını görəndə, buraxdı, bıçaqla döş qəfəsimə və qollarıma xəsarətlər yetirdi. Xilas olmaqdan ötrü, gözlərimi yumub hərəkətsiz qalmaqla özümü ölülüyə vurdum. Bıçaq zərbələrinin şiddətli ağrılarını əvvəl çox hiss etmədim. Xaliq hadisə yerindən uzaqlaşan kimi, ayağa qalxmaq istədim, amma gücüm çatmadı. Polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırıldım”.
Təhminə Hüseynova hesab edib ki, yoldaşı onu öldürmək istəməyib.
Hadisə baş verən ərazi
Şahid Rəfiqə Hüseynova bildirib ki, Xaliq xeyli müddət narkotik vasitələrdən istifadə edib:
“Cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra onun hərəkətləri və davranışı dəyişdi. Xaliq heç bir əsas olmadan mübahisələr yaradır, ailə üzvlərini evdən qovurdu. Xaliqi, müalicə olunması üçün xəstəxanalara müayinəyə aparmaq istəsək də, o, etiraz edirdi. Təhminənin atası Əli sentyabrın 13-nə gecə reysinə onlara aviabiletlər almışdı. Axşam saatlarına kimi Təhminə ilə Xaliq evdə biri-birlərinə kömək edib çamadanlarına əşyaları yerləşdirməkə məşğul olublar. Gün ərzində aralarında mübahisə olmayıb.
Saat 22 radələrində nəvələrimi yanımda qoyub, küçəyə çıxmışdılar. Gecə yarısına gədər gözləsək də, onlar qayıtmadılar. Sonra polis əməkdaşı zəng edərək, hadisə barədə məlumat verdi. Xaliqin Təhminəni bıçaqlaması səbəbini bilmirəm”.
Şahid qismində dindirilmiş Binəqədi rayon Muhafizə İdarəsinin polis nəfəri Elmar Osmanlı ifadəsində göstərib ki, sentyabrın 12-i saat 22:40-da xidmət apardığı postda olarkən, sonradan adı, soyadı ona məlum olan Xaliq Hüseynov yaxınlaşaraq, Zeytunluq massivində arvadını bıçaqlayıb, öldürdüyünü deyib:
“Öz mobil nömrəmdən zəng edib, tağım komandirimə məlumat verdim. Həmin şəxsi digər əməkdaşlar xidməti avtomobillə avtomobillə hadisə yerinə apardılar. Sonradan öyrəndim ki, Xaliq Hüseynov həqiqətən Zeytunluq massivində arvadını bıçaqlayıb. Amma qadının sağ olmasını görən əməkdaşlar Təcili Tibbi Yardım Stansiyasına məlumat veriblər və zərərçəkmiş xəstəxanaya çatdırılıb”.
Məhkəmə iclasında Xaliq Hüseynov ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olmasını qeyd edib.
Zərərçəkmiş Təhminə Hüseynova bildirib ki, yoldaşına qarşı şikayəti yoxdur.
Məhkəmə Xaliq Hüseynova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldrməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalıq Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.