Modelyerin atasını öldürənlərin MƏHKƏMƏSİ: "Öldürüb quyuya atdım"
16 fevral 2024 15:27 (UTC +04:00)

Modelyerin atasını öldürənlərin MƏHKƏMƏSİ: "Öldürüb quyuya atdım"

Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Mustafa Zeynalovun istintaq zamanı verdiyi ifadələr elan olunub.

İfadələrin elan olunmasına səbəb M. Zeynalovun istintaq zamanı bir-biri ilə ziddiyyətlər yaradan ifadələr verməsi olub. 

M. Zeynalov istintaqda sərbəst ifadə verdiyi zaman hadisənin Namiq Əliyev tərəfindən törədildiyini bildirib:

"Kamranla Nardaran istiqamətində gedirdik. Maşını mən sürürdüm. Kamran yanımda Namiq isə arxada oturmuşdu. Pulu gətirdiyini, əlindəki çantada saxladığını dedi.

Pulu verərsən deyəndə, Kamran göstərmək üçün gətirdiyini bildirdi. Namiq bunu eşidəndə əsəbiləşdi. Elə maşında başımın arxasına şampan butulkası ilə vurdu. Maşını saxladım. Kamranla Namiq maşından düşdü. Namiq Kamrana vurmağa başladı. Maşından butulkanı götürüb Kamranın alnından vurdu. Vurduqdan sonra yıxıldı, gördük ki, ölüb. Yaxınlıqda quyu tapıb, üstünə daş qoyub atdıq. Namiqlə mənim Kamranı öldürmək barədə planımız olmayıb. Hadisə təxminən yarım saat çəkdi".

Təqsirləndirilən Mustafa Zeynalov elan olunan sərbəst ifadəsində bu sözlərin heç birini demədiyini bildirib. Prokuror bu zaman ifadəni oxumadan imzalamasının səbəbini soruşub.

M.Zeynalov müstəntiqə güvəndiyini və buna görə oxumadan imzaladığını əsas gətirib:

Daha sonra, məhkəmədə M.Zeynalovun təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadəsi elan edilib. 

Həmin ifadədə qeyd olunur:

"Solmaz adlı xanım vasitəsilə Kamranı tanıdım. Kamran mənə iş təklif etdi. Dedi bir iş var, gəl birlikdə edək ikimiz də pul qazanaq. Xaricdən gələn 10 milyon dollar pulu biz aşağı faizlə nağdlaşdırmalıydıq. Bu iş üçün məni tanımadığım başqa millətdən olan iki nəfərlə tanış etdi. Birinin adı Viktor idi. Həmin Viktorun Kamranda 200 min pulu vardı. Kamran mənə də pul verməli idi. Amma ondan pul istəyəndə fırladırdı. Aramız elə bunun üçün dəydi. Bir neçə dəfə Namiq, Kamran və mən üçümüz görüşdük. Görüşdə Kamrandan pulu istəyəndə verəcəm deyirdi. Bir dəfə Kamran mənə dedi ki, 200 min varımdı. Ancaq başqa işə görə lazımdır. Sadəcə pulu gətirib göstərə bilərəm. Namiq Nardaranda bağ almaq istəyirdi. Elə bunu bildiyim üçün görüşəndə Namiqin bağ almaq istədiyi yerə tərəf sürdüm. Axırıncı dəfə görüşəndə Namiqə dedim Kamran pulla gələcək. Sonra Namiqlə Kamran dalaşdı. Namiq Kamranı vurdu. Pulu da mən götürdüm. 121 min manatı Namiqə verdim. Öz bağıma gəldim. Hadisə zamanı paltarım batmışdı deyə dəyişdirdim".

Daha sonra prokuror M. Zeynalovun istintaq zamanı verdiyi ifadələrdə ziddiyyət təşkil etdiyini deyib.

Maraqlısı odur ki, Mustafa Zeynalov başqa bir ifadəsində Kamran Bəkirovu öldürdüyünü etiraf edib:

"Bir dəfə Kamran mənə dedi ki, Viktor bağ almaq istəyir. Ancaq bağın sənədləri tam olmalıdır. Mən də bu barədə Namiqə məsləhət elədim. Namiq 70 minə bağ tapdı. Kamran 70 minlik bağı Viktora 130 min olduğunu dedi. Viktorla Gənclikdə görüşdük. Məndən 200 mini istədi. Halbuki, həmin 200 minim Kamranda idi. Viktor, fərq etmir ya Kamran, ya da sən o pulu verməlisən dedi. Bu məsələ ilə bağlı danışmaq üçün Kamrana zəng edib görüşə çağırdım. Telefonda Kamran mənə Viktoru öldürməyi təklif etdi. Görüşə gələndə pulu olduğunu və mənə göstərə biləcəyini dedi. Mən də o, gələndə başını aldadıb pulu almaq istəyirdim. Pulu aldıqda isə Viktora verməyi planlaşdırdım.

Görüşə Namiqin maşını ilə getdik. Namiq arxada telefonla danışırdı. Kamranla mən qabaqda oturmuşduq. Kamrana təklif elədim ki, pulu Viktora verək borcumuzu bağlayaq. Kamran vermək istəmədiyini dedi. Elə bu təklifimə görə məni söydü. Mən də onu söydüm. Maşından aşağı düşməyimi istədi. Guya məni öldürəcəkdi. Mənə əl-qol atdı. Maşından düşəndə mənim başıma daşla vurdu. Mən də maşında özümü qorumaq üçün şampan butulkasını götürdüm. Alnına iki dəfə sərt vurdum. Yerə yıxılanda başı birinci kubikə dəydi. Sonra da çay daşına. Nəfəs alıb-almadığını yoxladım, gördüm yaşamır. Namiqdən kömək istədim ki, aldığımız bağ evinin həyətinə aparaq. O, pis olduğu üçün Kamranı quyuya özüm atdım. İstintaqda verdiyim digər ifadələrdə Kamranı Namiqin vurduğunu demişdim. Ancaq yalan demişəm. Bütün hadisəni mən etmişəm".

Elnarə Bəkirova Mustafa Zeynalovun bir-birinə ziddiyyəti ifadələrinə əsəbiləşib və münasibət bildirib. O qeyd edib ki, hakim də Mustafanın yalan danışdığını bilir:

“Zeynalov, məni aldada bilərsən, amma məhkəməni yox. Sənin yalan danışdığını hakim də bilir. Əvvəl-axır layiqli cəzanı alacaqsan”.

Növbəti məhkəmə prosesi martın 7-də davam etdiriləcək. 

İttiham aktına görə, hadisə keçən il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər.

Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovun əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobilə əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nahiyəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır daş bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib. 

Xatırladaq ki, Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətlərin birində hüquqşünas işləyib.

Namiq Əliyev isə bankda şöbə müdiri vəzifəsində çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384
avatar

Fidan İlqar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30