Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.