Bakı Ağır Cinayətlər Məhkəməsində İnstaqramda tanıdığı şəxsi söyüş üstə bıçaqlamaqda təqsirləndirilən 17 yaşlı Murad Zərbəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Prokuror M. Zərbəlizadənin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Prosesdə çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi onun yetkinlik yaşına çatmadığını nəzərə alaraq yüngül cəza verilməsini istəyib.
Bununla yanaşı, təqsirləndirilən şəxsin anası da hakimdən yüngül cəza verilməsini xahiş edib.
Daha sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M. Zərbəlizadə 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin iyul ayında Bakıda “Alov”parkında baş verib. M. Zərbəlizadə İnstaqramda tanış olduğu Fərhad Soltanovla mübahisə edərək bir-birinə söyüblər. Hadisədən 2 ay sonra M. Zərbəlizadə F. Soltanovu “Alov”parkına çağıraraq virtualdakı mübahisəni davam etdirib. Nəticədə M.Zərbəlizadə üzərində gəzdirdiyi bıçaqla F.Soltanovu bıçaqlayıb.