Füzulidə 8 il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi bilinib. Həmin şəxslərin hazırda cəzaçəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı 1 "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 daraq və 27 patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.