Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxs oğurluq etdiyi evlərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də mənzildə düşürüb.
Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.
Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.