Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının vəkilləri vəsatət qaldırıb.
Vəkillər vəsatətdə Əvəz Zeynallının həbs edilməzdən əvvəl səhhətində problemlərin yarandığını və gözünün təcili əməliyyat edilməli olduğunu bildiriblər:
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra hakim prokurordan ittiham aktını elan etməsini istəyib.
İttihamla razılaşmayan Əvəz Zeynallı prokurorun sözünü kəsib:
“Bunların hamısı şərdi, böhtandı, yalandı. Sizin ittiham aktınız yalandır. Mən heç kimlə əlbir olmamışam”.
Hakim Əvəz Zeynallının sakit durmasını və prokurorun çıxışını kəsməməsini tələb edib. Lakin jurnalist hakimə məhəl qoymayıb və onun zaldan çıxarılmasını istəyib.
Əvəz Zeynallı prosesi pozduğu üçün hakimlər zalı tərk ediblər.
Məhkəmə iclası naməlum vaxta təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.