Əvəz Hafizlinin qətlində BİLMƏDİKLƏRİNİZ:  anası və qardaşı nələr dedi? - DETALLAR
10 oktyabr 2023 20:15 (UTC +04:00)

Əvəz Hafizlinin qətlində BİLMƏDİKLƏRİNİZ: anası və qardaşı nələr dedi? - DETALLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il fevralın 22-i saat 16 radələrində Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Əvəz Şıxməmmədov qətlə yetirilir. Hadisə Balaxanı qəsəbəsi 2-ci mədən küçəsində qeydə alınıb. Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gələn Əmrulla Güləliyev qətli törətdiyini bildirməklə, bir ədəd tiyəsi əyilmiş bıçağı növbətçiyə təqdim edib.
 
Məlumatla əlaqədar dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirir. Ə. Şıxməmmədovun meyiti yaşadığı evdə aşkarlanır. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əvəz Şıxməmmədovun bədən səthində 12 ədəd bıçaq yarası aşkar edilib.

Əvəz Şıxməmmədovun ölümü sosial mediada ictimai rezonansa səbəb olub. KİV-dəki məlumatlara əsasən, “Əvəz Hafizli” təxəllüsü ilə tanınan şəxs internet televiziya kanalında müxbir vəzifəsində çalışıb və LGBT fəalı kimi tanınıb. Etiraz aksiyalarında iştirak edərək, göy qurşağı bayrağını qaldırıb. 2021-ci ildə gey icmasına qarşı təhdidlərə tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləyib. Hafizlinin dostlarının sözlərinə görə, ailəsi və qeyriləri tərəfindən LGBT fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiqlərə məruz qalıb. Bu səbəbdən də, kirayə evlərdə yaşayıb. Bəzi qohumları onunla əlaqəni kəsib.


 
Əmrulla Güləliyev 1998-ci ildə Qobustan rayonunda anadan olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Əmrulla Güləliyev əmisi oğlu Əvəz Şıxməmmədovun cinsi azlıq nümayəndəsi olmasını və əxlaqsız həyat tərzi yaşamasını özünə və qohumlarına utanc bildiyi üçün onu öldürmək qərarına gəlib. Bu məqsədlə, fevralın 22-i saat 15 radələrində Əvəzin Balaxanı qəsəbəsində yaşadığı evə gedib. Mübahisə etdikdə qohumunun iradları qəbul etməməsindən, bu cür yaşayış tərzini davam etdirəcəyini bildirməsindən hiddətlənərək şəxsi münasibətlər zəminində yaranmış nifrət və ədavətə görə bıçaqla Əvəz Şıxməmmədova 12 dəfə zərbə endirib. Nəticədə Ə. Şıxməmmədov ölüb.
 
İş üzrə dindirilmiş Əmrulla Güləliyev bildirib ki,  Bakı şəhərində günəmuzd fəhləliklə məşğul olub. Maştağa qəsəbəsində bibisioğlu Xəyalın evində yaşayıb:

Əmrulla Güləliyev

“Əvəz Şıxməmmədov ögey əmimin oğlu idi. 2014-cü ildən qohum-əqrəbamdan onun cinsi azlıq nümayəndəsi olmasını və əxlaqsız həyat yaşamasını eşitdim. Qohum məclislərində Əvəzin özünü qadın kimi aparmasını görürdüm. Onun əxlaqsız həyat tərzi keçirməsindən çox əsəbləşirdim. Əvəzi axırıncı dəfə təxminən 2 il əvvəl görmüşəm. Həmin gün, Balaxanı qəsəbəsində mağazada olarkən əmimoğlu, qırmızı rəngli qadın paltarında qarşımdan keçdi. Bundan sonra Əvəzin yaşadığı evə getdim. Ona nəslimizin adını biyabır etdiyini və bu əməllərindən əl çəkməsini dedim. Əmimoğlu şəxsi həyatı ilə bağlı hər şeyə özü qərar verdiyini və həyatını olduğu kimi yaşayacağını bildirdi. Əvəzin bu sözlərindən sonra heç nə söyləməyərək, çıxıb öz evimə getdim. İnternetdə, sosal şəbəkələrdə də tez-tez Əvəzin videolarını görürdüm. Əmimoğlu aylarla evə gəlməyərək, başqa şəxslərin evində yaşayırdı. Fevralın 22-i saat 14 radələrində Balaxanıda, əmim Raufun işlətdiyi marketə getdim və əmimoğlu Səiddən evdə kimin olub-olmadığını soruşdum. Belə ki, Əvəzgilin yaşadığı ünvanda 3 əmimin ayrı-ayrılıqda evi vardı. Səid də mənə “evdə heç kim yoxdur, hamı Qobustana gedib” dedi. Bundan sonra Əvəzin yaşadığı evə yollandım. Həyətin darvazası və evin qapısı açıq idi. Həyətə girib qapını arxadan bağladım. İçəri keçdikdə, solda kiçik otaqda Əvəzin oturub telefona baxdığını gördüm. Əvəz telefonu kənara qoyaraq, oturduğu vəziyyətdə mənə baxdı. Ona bildirdim ki, “özünü yığışdır, bu cür həyat yaşamaq olmaz”. Cavab olaraq  Əvəz “özüm bilərəm, sənə nə var?”dedi və ayağa qalxdı. Aramızda mübahisə yarandı. Əvəzin mənə “şəxsi həyatımdır, özüm bilərəm” söyləməsindən hiddətlənərək, mətbəxə keçdim və bıçağı götürüb geri qayıtdım. Zərbələr vuranda, Əvəz əlləri ilə qollarımdan tutaraq, bıçaqla xəsarətlər yetirməyimə mane olmağa çalışırdı. Belə vəziyyətdə, bir-birimizlə əlbəyaxa olaraq çölə çıxdıq. Əvəz qapıya tərəf gedərək, həyətdən çıxıb qaçmaq istədi. Amma bağlı olduğundan qapını aça bilmədi. Bir neçə dəfə döş qəfəsinə, əsasən də boğazına zərbələr vurdum. Əvəz yerə yıxılandan sonra, su çənində bıçağı yudum. Birbaşa 12-ci polis şöbəsinə gedərək, törətdiyim cinayəti etiraf etdim”.

Əmrulla Güləliyev qeyd edib ki, Əvəz Şıxməmmədovu öldürmək niyyəti olmayıb. Əmisioğlu öz sözləri və hərəkətləri ilə sanki onu bu cinayəti törətməyə vadar edib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Təbriz Şıxməmmədov bildirib ki, atası Hafiz 2012-ci ildə vəfat edəndən sonra o, anası və qardaşı Əvəzlə birlikdə yaşayıb:

Əvəz Şıxməmmədov

“Maştağa qəsəbəsində heyvandarlıqla məşğul olduğum üçün evdə çox az olurdum və ona görə də ailə üzvlərimi tez-tez görmürdüm. Qardaşım bir qədər qapalı insan olduğundan çox vaxt evə gəlmirdi, tanışlarının evlərində qalırdı. Əvəzin həyatından və ətrafından xəbərim yox idi. Şəxsi həyatı olduğundan qardaşımla bu barədə heç vaxt danışmamışdım. Fevralın 22-də anam və digər qohumlarımla birlikdə Qobustan rayonuna getdik. Əvəzə də bizimlə getməyi təklif edəndə, o, imtina etdi. Rayonda olanda axşam bildik ki, əmim oğlu Əmrulla evimizə gələrək Əvəzi qətlə yetirib. Bunu eşidib, dərhal Bakıya qayıtdıq. Lakin evə çatanda meyitin artıq Patoloji Anatomiya şöbəsinə aparıldığını öyrəndik”.

Təbriz Şıxməmmədov qeyd edib ki, Əmrullanın Əvəzi öldürəcəyi barədə heç kimin məlumatı olmayıb. Sonra bilib ki, əmisioğlu qardaşını yaşadığı həyat tərzinə görə öldürüb.
 
Şahid Cəmalə Şıxməmmədova ifadəsində göstərib ki, oğlu Əvəz Şıxməmmədov jurnalist olub, lakin onun fəaliyyəti, həyatı, çevrəsi barədə məlumatı olmayıb:

“Gec-gec evə gəlirdi, bir ana kimi Əvəzə irad bildirməmişdim. Əmrulla Güləliyev qaynım Arifin oğludur. Əmrulla ilə Əvəzin əvvəllər münasibətləri yaxşı idi. Hətta anası xəstə olduğundan Əmrullaya öz övladım kimi baxmışam. Əvvəllər tez-tez evimizdə olsa da, son vaxtlar demək olar ki, gəlmirdi. Fevralın 22-də Qobustanda olanda bildik ki, Əmrulla oğlumu öldürüb. Bakıya qayıdıb, evə daxil olanda hər yer qan içində idi”.

Cəmalə Şıxməmmədova hesab edir ki, Əmrulla bu cinayəti etməməli idi. Oğlu Əvəzi öldürməklə o, böyük günah işlədib. Ona görə də, qanuna müvafiq cəzanın təyin edilməsini düzgün hesab edib.
 
Şahid Ceyhun Şıxməmmədov bildirib ki, qardaşı oğlu Əvəzin cinsi azlıq nümayəndəsi olmasını bildikdən sonra dəfələrlə söhbət edərək ona düz yola qayıtmasını bildiriblər:

“Əvəz isə bizə şəxsi işinə qarışmamağımızı dedi. Bundan sonra Əvəzə heç nə demədik. Qardaşım oğlu ilə son 4-5 ildə demək olar ki, rastlaşmamışam. Hadisə baş verən gün rayonda olanda mənə zəng edib məlumat verdilər ki, Əmrulla Əvəzi qətlə yetirib”.


 
Şahid Xəyal Mirzəliyev ifadəsində göstərib ki, Əmrulla Güləliyev və Əvəz Şıxməmmədov onun dayısı oğulları olub:

“Fəhləlik edib, pul qazanan Əmrulla təxminən 3 ay əvvəl mənim evində qalmağa başlamışdı. Əvəzin cinsi azlıq nümayəndəsi olmasını ailəsi, yəni qardaşı və anası normal qəbul edirdilər, bununla bağlı ona irad bildirməmişdilər. Əvəzin cinsi azlıq nümayəndəsi olması səbəbindən Əmrulla ondan üz döndərmişdi və onlar son illər danışmırdılar. Fevralın 22-i saat 12 radələrində Əmrulla evdən çıxanda, hara getdiyini soruşdum. Təxminən 3 saatdan sonra qohumlarından biri zəng edərək, Əmrullanın Əvəzi öldürdüyünü xəbər verdi. Məlumatı eşidəndən sonra hadisə yerinə getdim”.

Xəyal Mirzəliyev əlavə edib ki, Əmrulla heç vaxt Əvəzi öldürmək istədiyini ona deməyib. Hadisə günü, onun üzərində bıçaq görməyib. Hadisədən sonra bilib ki, Əmrulla Əvəzi cinsi azlıq nümayəndəsi olması səbəbindən öldürüb.


  
Məhkəmə iclasında Əmrulla Güləliyev ittiham üzrə özünü tam təqsirli bilib. O, əməlindən peşman olduğunu bildirməklə, ona yüngül cəza təyin edilməsini xahiş edib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirib.
 
Prokuror Əmrulla Güləliyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edib.
 
Məhkəmə prosesləri keçirilərkən bir neçə dəfə inzibati binanın qarşısında təqsirləndirilən şəxsə ağır cəza verilməsi tələbi ilə etiraz aksiyaları keçiriblər. Toplaşan fəallar bildiriblər ki, Əvəz Hafizli cinsi oriyentasiyasına görə dəfələrlə təhdidlərə məruz qalıb. Onların sözlərinə görə, Hafizli nifrət zəminində qətlə yetirilib.


 
Məhkəmə nəticəyə gəlib ki, Əmrulla Güləliyevin  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etirafl ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə digər iş materialları ilə tam sübuta yetirilib.    
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Əmrulla Güləliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10446
avatar

Oxşar yazılar