Evə basqın edib məmurun ailəsini öldürdülər - Polis rəisinin oğlunun ŞOK CİNAYƏTİ
24 fevral 2023 20:15 (UTC +04:00)

Evə basqın edib məmurun ailəsini öldürdülər - Polis rəisinin oğlunun ŞOK CİNAYƏTİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2004-cü il aprelin 26-ı gecə saat 3-də vətəndaş Əli Cəlilov Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gələrək, anası və bacısı qızından gün ərzində xəbərləri olmadığını, yaşadıqları Cəfər Cabbarlı küçəsi ev 38, mənzil 3-də işıqların yanmadığını bildirib. Həmin ünvana yollanıb, pilləkənlə mənzilin pəncərəsinə çıxan əməliyatçı şüşənin sındırıldığını deyib. İçəri daxil olanda, qonaq və mətbəx otaqlarında qana bulaşmış 2 meyit aşkar ediblər. Polis əməkdaşları qapını sındırıb içəri daxil olublar və hadisə barədə prokurorluğa məlumat veriblər.
 
Qonaq otağında 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın meyiti, divanın üzərində Quran kitabçası, qadın çantası, içərisində mobil telefon aşkar edilib. Mətbəx otağında 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyiti, onun ayağının altında, həçinin mətbəxdəki masanın və xalçanın üzərində tiyəsi sınmış vəziyyətdə bıçaqlar tapılıb.

Hadisənin baş verdiyi bina

Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəhilə Cəlilovanın meyitində 42, Aygün Əzizovanın meyitində 49 ədəd bıçaq yarası aşkar edilib.

Qətlə yetirilən 15 yaşlı Aygün Əzizovanın atası Asif Əzizovun Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 1-cü müavini vəzifəsində işləməsi məlum olub.
Ağır cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, təəsüf ki təqsirləndirilən şəxsləri müəyyən edib, məsuliyyətə cəlb etmək mümkün olmayıb. Beləliklə də hadisədən 18 il keçib...

Rəhilə Cəlilovanın meyiti
 
2022-ci il mayın 11-də Baş Prokurorluq məlumat yayıb ki, 2004-cü ildə paytaxtın Yasamal rayonunda Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsidə istintaqı aparılan cinayət işinin üstü açılıb. Qətlin Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Anar Ağalarov, Göyçay rayon sakinləri 1976-cı il təvəllüdlü Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli tərəfindən törədilməsi müəyyən edilib. Anar Ağalarovun və Fərid Məmmədlinin barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri seçilib. Cinayətdə iştirak edən 3-cü şəxsin ölməsi məlum olub.

Lent.az dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Anar Ağalarov nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilovanın sələmə pul verdiyini öyrənib. Onun yaşadığı mənzildə hər zaman pul və qiymətli əşya olmasını ehtimal edib. Aprelin 24-də nənəsi ilə birlikdə yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 203 mənzil 24-də Teymur Məmmədov və qardaşı Fərid Məmmədli ilə görüşərkən, onlara axşam planlaşdırdığı ünvana basqın edəcəklərini bildirib. Mətbəx bıçaqları ilə silahlanaraq, saat 18 radələrində taksi ilə Yasamal rayonu, C.Cabbarlı küçəsindəki, 38 nömrəli evin yanına gəliblər. Teymur Məmmədov ondan irəlidə hərəkət edib 1-ci bloka girib, 2-ci mərtəbəyə qalxıb. Sol tərəfdə yerləşən 3 nömrəli mənzilə yaxınlaşaraq, qapını döyüb, özünü təqdim edib. Rəhilə Cəlilova Teymur Məmmədovu tanıdığı üçün qapını açıb. Plana uyğun dərhal hər üçü qadını itələyib, qanunsuz yaşayış sahəsinə daxil olublar. Teymur Məmmədov cibindən bıçağı çıxarıb, üzbəüz dayanmış Rəhilə Cəlilovadan mənzildə saxladığı pulu tələb edib və döş qəfəsinə ardıcıl bıçaq zərbələri endirib. Fərid Məmmədli də üzərindəki bıçaqla qadına xəsarətlər yetirməyə başlayıb. Anar Ağalarov mənzilin giriş qapısını içəridən bağlayıb. Teymur Məmmədov və Fərid Məmmədli qonaq otağında Rəhilə Cəlilovaya zərbələr vurmaqda davam edərkən, dəhlizdə dayanan, qadının azyaşlı nəvəsi Aygün Əzizova qışqırıb, ağlamağa başlayıb. Qorxusundan, özündən dəfələrlə güclü olan şəxslərə hər hansı aktiv müqavimət göstərmək iqtidarında olmayan qızı cinayətin şahidi kimi qalmamasından ötrü öldürmək qərarına gəliblər. Aygün Əzizovanın aman diləməsinə baxmayaraq müstəsna dərəcədə qəddarlıqla, hər üçü bıçaqlarla qızın bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetiriblər. Üzü üstə döşəməyə yıxılan azyaşlının xırıldadığını görən Anar Ağalarov, boğaz nahiyəsinə daha 2 zərbə vurub. Zərbənin təsirindən bıçağının tiyəsi sınıb. Beləliklə də, ümümilikdə 91 ədəd bıçaq yarası yetirməklə, xüsusi amansızlıqla Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürüblər. Mənzildə axtarış aparan Anar Ağalarov qonaq otağında, kitabçanın arasından 600 dollar pul tapıb. Mənzilin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq, hadisə yerindən qaçıblar.

Aygün Əzizovanın meyiti
 
İş üzrə dindirilmiş Anar Ağalarov bildirib ki, 2003-cü ildən atası, qardaşı və nənəsi birlikdə Şamil Əzizbəyov küçəsi, 203 ünvanında yaşayıb. Nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilova qonaqlıqda və ya bayramda evlərinə gəlib-gedib:

“Rəhilə orta boylu, sarı saçlı qadın olub, birotaqlı mənzildə tək yaşayıb, sələmə pul verib. Nənəm ara-bir az məbləğlərdə ondan borc pul almışdı. Teymur Məmmədov Rəhilə Cəlilovanın yaşadığı evi tanıyırdı, çünki vaxt aşırı gedib qadından pul alıb və gətirərək, Rəfiqə Aslanovaya verib. 2004-cü ilin aprel ayında evimizə gələn Teymur mənə dedi ki, az əvvəl Rəhilənin mənzilində olanda, 10-15.000 dollar civarında pul görüb. Xalam oğlu evə girib, həmin pulu götüməyi təklif etdi. Həmin ərəfədə Fərid Məmmədli də bizə gəldi. Birlikdə evdən çıxıb, taksi ilə “Nizami” metrostansiyasından üzü “Bakıxanov” dairəsinə doğru getdik. “Caspian Plaza” biznes mərkəzinin yanında düşüb bir az arxada yerləşən yaşayış binasının 1-ci blokuna daxil olduq. Teymur irəlidə, mənimlə Fərid isə arxasınca hərəkət etdik. 2-ci mərtəbəya qalxdıq. Teymur qapını döydü, Rəhilə qapının gözlüyündən baxıb “Kimdi?” deyə səsləndi. Qadına “Mənəm Teymur, bir dənə açardınız, sözüm var idi” söyləydi. Qapı açılan kimi, hər üçümüz içəri girdik. Qapını örtüb cəftəsini bağladım, Teymur cibindən bıçağı çıxarıb elə dəhlizdə Rəhiləyə zərbələr endirməyə başladı. Xəsarətlər alan qadın arxaya gedərək, qonaq otağının girişində yerə yıxıldı. Dəhlizin sol tərəfində dayanan orta boylu, qara saçlı, arıq bir qız “nənə” deyərək, qışqırmağa başladı.

Hadisədə istifadə olunan bıçaqlar

Buna baxmayaraq, Teymur döşəmədə uzanmış vəziyyətdə qalan Rəhiləyə xəsarətlər yetirməkdə davam etdi. Qadının mənzildə tək olduğunu zənn etdik, qızın “nənə” deməsindən Rəhilənin nəvəsi olduğunu başa düşüb, üzərinə qaçdım. Azyaşlı müqavimət göstərib əl-qol atarkən onun qollarını tutdum. Bu zaman Teymur Rəhiləni buraxıb, yanıma gəldi və qızın qollarından tutduğum vəziyyətdə, uşağa xəsarətlər yetirməyə başladı. Fərid Rəhilənin olduğu otaqda idi. Xeyli zərbədən sonra qız mətbəxin girişində, döşəməyə yıxıldı. Xırıldayıb, can verdiyi vaxtda mən mətbəxdə masanın üzərində olan qara dəstəkli bıçağı götürdüm və ölümünü tezləşdirmək məqsədi ilə boğazına 2 dəfə zərbə endirdim. Bıçağın dəstəyi tiyəsinə birləşdiyi hissədən sındı. Kəsici aləti yerə atıb, dəhlizə keçdik. Giriş qapısının bağlı olub-olmadığını bir daha yoxladım, mənzili axtarmağa başladıq. Servantda olan qabların yanında qara rəngli kitabça gördüm. Vərəqlədikdə arasından 600 dollar məbləğində pul tapdım və bu barədə Teymurla Fəridə bildirdim. Hamama keçib, əllərimizi yuduq. Mənzili tərk edərkən Teymur qapını bağladı və açarı cibinə qoydu. Qadını və nəvəsini öldürüb, mənzili tərk etməyimiz 15-20 dəqiqə çəkdi. Blokda və həyətdə heç kimlə rastlaşmadıq. “VAZ” markalı taksi ilə dolayı yollarla yaşadığım binanın qarşısına gəldik. Avtomobildən düşəndə 400 dolları Teymura verdim. Beləliklə, törətdiyimiz cinayət nəticəsində hərəmizə 200 dollar qaldı. Payına düşən məbləği öz ehtiyaclarım üçün xərclədim. Sonrakı günlər ərzində Teymurla və Fəridlə görüşmədim. Hadisədən 3-4 gün sonra polis bölməsindən ev telefonumuza zəng edən əməkdaş nənəmə Rəhilə Cəlilovanın öldürüldüyü bildirdi və onu Yasamal rayon prokurorluğuna dəvət etdi. Səhərisi gün Rəfiqə Aslanova prokurorluğa getdi. Nənəmin prokurorluğa çağırılmasından və axşam saatlarınadək orda saxlanılmasından narahat oldum. Qorxumdan qardaşım Azərə Rəhiləni və nəvəsini öldürdüyümü danışdım. Sabiq polis əməkdaşı olan atam Ramiz şəxsi əlaqələri vasitəsilə öyrəndi ki, nənəmlə mərhum qadın arasında telefon danışığı olub. Bu səbəbdən də o, istintaq orqanına çağırılaraq, dindirilib. Bundan sonra nənəm bacısı ilə birlikdə Cəlilabad şəhərinə gedərək, Rəhilə və nəvəsinin yas mərasimində iştirak etdi”.

Qətl olan ev

2008-ci ildən Teymur Məmmədovla birlikdə narkotik vasitələrdən istifadə etməyə başlayıb. Həmin il evin yaxınlığında yerləşən rus kilsəsindən dini portretlər oğurladığına görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub:

“Həbs olunduqdan 3-4 gün sonra atam Ramiz bölməyə gəldi. Görüş zamanı atamdan, bölmədən buraxılmağıma köməklik etməsini tələb etdim, əks təqdirdə qəsdən adam öldürmə cinayətinin də açılacağını dedim. Atama Teymurla birlikdə Rəhilə Cəlilovanı və nəvəsini öldürdüyümüzü danışdım. Amma Fəridin adını çəkmədim. Atam da bu barədə heç kimə danışmamağımı, qəsdən adam öldürmə cinayətinin aşkar olunmayacağını və səbrli olmağımı bildirdi. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə CM-in 177-ci (oğurluq) maddəsi ilə 3 il azadlıqdan məhrum olundum. 2 il cəza çəkəndən sonra vaxtından əvvəl cəzadan azad edildim. 2014-cü il yanvarın 1-də adam bıçaqladığıma görə tutuldum və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum olundum. Bir gündən sonra atam ürəktutmasından vəfat etdi”.

Sümüklərin ekspertizası

Axırıncı dəfə, 2022-ci ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov ifadəsində göstərib ki, 2004-cü il aprelin 22-də qızı Aygünün böyrəkləri ağrıdığı üçün onu rayondan Bakıya gətirib:

“Qayınanam Rəhilə Cəlilovanın evində qalan qızıma xərclik üçün
200 dollar pul verdim. Səhərisi gün mobil telefonla danışanda, Rəhilə qızı xəstəxanaya apardığını və uroloq-həkimin ona analiz cavablarının sabah çıxacağını dediyiyni bildirdi. Aygünün şəxsi telefonu yox idi. Aprelin 24-də, növbəti dəfə danışanda qayınanam analiz cavablarının yaxşı çıxdığını dedi. Ayın 25-də Rəhiləyə məxsus mobil və ev telefon nömrələrinə zəng etsəm də, cavab verən olmadı. Qohumların zəngindən sonra, səhər saat 7 radələrində Bakıya çatdıq. Rəhilənin yaşadığı binanın həyətində Yasamal rayon Polis İdarəsinin rəis müavini mənə hadisə barədə məlumat verdi. Müayinədən sonra mərhumları Cəlilabad şəhər qəbiristanlığında dəfn etdik”.

Teymur Məmmədovun məzarı
 
Məhkəmə iclasında Anar Ağalarov ittiham üzrə özünü qismən təqsirli bilib. Fərid Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov bildirib ki, Anar Ağalarovun atası, nənəsi və qardaşının bu cinayətdən xəbərləri olub. Polis əməkdaşı olan atası 18 il bu qətlin üstünün açımasına imkan verməyib. Onlar azyaşlı qızı amansızcasına qətlə yetiriblər, bunu Allah da bağışlamayacaq. O, məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.
  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Ağalarov 16 və Fərid Məmmədli 15 il müddətinə azadlıqdan məhrum olunublar. Ölümü ilə əlaqədar Teymur Məmmədovun barəsində cinayət təqibinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16572
avatar

Oxşar yazılar