“Elə bildim məni vuracaq” – Bakıda qonşusunu bıçaqlayan MƏHKƏMƏDƏ DANIŞIR
11 sentyabr 2026 15:49 (UTC +04:00)

“Elə bildim məni vuracaq” – Bakıda qonşusunu bıçaqlayan MƏHKƏMƏDƏ DANIŞIR

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Ələsgərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Nicat Ələsgərovun ifadəsi ilə davam edib.

N.Ələsgərov bildirib ki, zərərçəkən Rəvan Çırpanovu yaxından tanımayıb:

“Rəvan məhlədə kirayədə yaşayırdı, onu yaxşı tanımırdım. Mənim indiyə qədər məhlədə heç kimlə narazılığım, davam olmayıb. Sadəcə tanımadığım adam gəlib mənə irad tutanda, danışmaq üçün qolumdan tutub qırağa çəkəndə panikaya düşdüm. Nasaz olduğumdan neçə gün idi ki, yuxusuz idim, həm də narkotikin təsiri altında olmuşam. Buna görə Rəvan üzərimə gələndə panik oldum, elə bildim məni vuracaq. Yoxsa mən o əxlaqın sahibi deyiləm ki, insana zərər verim”. Təqsirləndirilən şəxs üzərində olan bıçaqla bağlı da açıqlama verib:

“Bıçaq mənim gündəlik həyat tərzimdə, məişətdə daim istifadə etdiyim bir əşyadır. Həmin gün blokdakı işıqda nasazlıq yaranmışdı, ona görə onu təmir məqsədilə cibimə qoymuşdum”.

Zərərçəkən Rəvan Çırpanov isə hadisənin həmin gün işdən qayıtdıqdan sonra baş verdiyini bildirib:

“İşdən gəlmişdim, saat haradasa 9-10 olardı. Mətbəxin pəncərəsindən içəri gələn söyüş və hündürdən danışanların səsi evdəkiləri, uşaqları qorxutmağa başladı. Bloka çıxıb oraya toplaşanlara ailəmi narahat etdiklərini deyib iradımı bildirdim. Hüseyn və Nicat da onların arasında idi”.

R.Çırpanovun sözlərinə görə, Nicat Ələsgərovun narkotikin təsiri altında olduğu açıq şəkildə hiss olunub:

“Nicat başladı ağzına gələni deməyə. Haqq üçün Hüseyn də mənə haqq verib onu sakitləşdirməyə çalışdı. Mən geri çəkiləndə Nicat aşağı əyildi, tez bıçağı çıxarıb sinəmə sapladı. Həkimlər məni güclə həyata qaytarıblar. Bu adam mənim bütün həyatımı məhv edib. Onun üzündən aeroportdakı işimdən oldum, neçə vaxtdır işsiz qalmışam, bu gün balalarımın üzünə baxa bilmirəm”.

Şahid N.Hüseyn hadisə günü məhəllədə olduğunu, lakin bıçağın R.Çırpanova necə vurulduğunu görmədiyini deyib.

Digər şahid A.E. isə təxminən 30 ildir həmin məhəllədə yaşadığını bildirib:

“Mən Hüseynin anasıyam. Zibil atmağa gedirdim. Oğlum da həyətdə idi. Zibili atıb qayıdanda səs-küy eşidib qabağa qaçdım. Rəvanla Nicatın dalaşdığını gördüm. Dedilər ki, Rəvan bıçaqlanıb. Tez evdə olan qızıma zəng etdim. Oğlanın halı getdikcə pisləşirdi. Yaxşı ki, təcili yardım tez gəlib onu xəstəxanaya apardı”.

Məhkəmə daha sonra sənədlərin tədqiqi mərhələsinə keçildiyini elan edib.

Növbəti proses sentyabrın 21-i saat 17:00-a təyin olunub.

Xatırladaq ki, ittihama görə, Nicat Ələsgərov 2026-cı il mayın 23-də Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasının qarşısında əhalinin dincliyini pozaraq nalayiq ifadələr işlədib və yüksək səslə danışıb. Bu zaman Rəvan Çırpanov ona irad bildirib. İttihama əsasən, Nicat Ələsgərov Rəvan Çırpanovu binanın içinə çəkərək üzərində gəzdirdiyi mətbəx bıçağı ilə onu bıçaqlayıb. Hadisə yerində olan digər şəxs N.Ələsgərovun əlindən tutaraq onun növbəti zərbələri vurmasına mane olub. R.Çırpanov xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi başlanıb. Nicat Ələsgərova Cinayət Məcəlləsinin 29, 120.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar