Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə dövlət və ya din xadiminin, ictimai xadiminin həyatına sui-qəsd etmə cinayətinə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, proses zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək işin ağırlığını nəzərə alaraq, ittiham aktı ilə tam tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Vəsatət təmin olunub və növbəti məhkəmə iclası 20 noyabr tarixinə təyin edilib.
Xatırladaq ki, DTX tərəfindən saxlanılan Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Fərqanə Novruzova