İnterpol tərəfindən axtarışda olan rusiyalı “qanuni oğru” Jorik Tiflisski Monteneqroda saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Tivat hava limanında 59 yaşlı kişi polis tərəfindən saxlanılıb. Onun həbsi üçün beynəlxalq order Rusiya Daxili İşlər Nazirliyinin İnterpolun Moskva şəhəri üzrə Milli Mərkəzi Bürosu tərəfindən verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 1993-cü ildən o, Krasnodar diyarının kriminal iyerarxiyasında ən yüksək vəzifə tutub və öz nüfuzundan kriminal mühitdə istifadə edib.
Yanvarın 31-də bildirilib ki, Krasnodar diyarında məhkəmə “qanuni oğru”nu qiyabi həbs edib. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işinin istintaqı yekunlaşıb.
O, sonuncu dəfə 2017-ci ildə hədə-qorxu ilə tələb etdiyi üçün saxlanılsa da, 2020-ci ildə məhkəmə qərarı ləğv edilib. Jorik Tiflisski dəfələrlə narkotikə görə cəza çəkib. 1993-cü ildə ona “Ded Xasan” kimi tanınan Aslan Usoyan və digər “oğru” Vladimir Volkov (Volçok) tac qoyub.