“Əhmədli”, “NZS”, “Həzi Aslanov” və “Köhnə Günəşli” qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istinaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.