Oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Bakıda qonşuların davası ölümlə nəticələnib.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 30-u saat 23 radələrində Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində baş verib. Burada 54 yaşlı Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində kirayədə yaşayan qonşuları 64 yaşlı Çabanova Marina Yevgenyevna və qızı 36 yaşlı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib.
Zərbənin təsirindən Marina Çabanova huşunu itirib. O, səhəri gün saat 9 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edibş.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.