Bakıda müğənninin qətli ilə bağlı yeni faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, əri müğənni Yaqut Nərimana 15 bıçaq vurub. Onlardan 10-u müğənninin bədən nahiyəsinə, 5 isə boğazına dəyib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Əri arvadının başqası ilə münasibətlərindən şübhələnirmiş.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
saat 15:37
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.
Lent.az “Report”a istinadən xəbər verir ki, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib.
A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
***
14:26
Oktyabrın 16-da saat 15 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 38 yaşlı Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 39 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.