Fevralın 4-də itkin düşmüş Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyitinin Bakı-Quba magistral yolunun kənarında aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Saat: 19:46
Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.
Qeyd edək ki, bu gün Bakıda daha 2 qətl hadisəsi olub.
Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sumqayıt sakini Rəvan Abdullayev fevralın 4-də polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Dünın isə fevralın 4-də itkin düşdüyü bildirilən R. Abdullayevin meyiti Ceyranbatan bağları ərazisində kanalda aşkarlanıb.