Ad günündə qol saatını istəyən  dostunu öldürdü - "Gəncə təndiri"ndə QƏTL
06 noyabr 2023 20:15 (UTC +04:00)

Ad günündə qol saatını istəyən dostunu öldürdü - "Gəncə təndiri"ndə QƏTL

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 27-də Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində fəaliyyət göstərən iaşə obyektində qətl hadisəsi baş verir. Məlumat daxil olan kimi prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə olan əraziyə yollanıb.
 
Cinayəti törədən 1986-cı il təvəllüdlü Səbuhi Zülalov həmin gün Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan tibbi müayinə zamanı onun, orta dərəcəli sərxoş vəziyyətdə olması məlum olub.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qətlə yetirilən 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun sinə, boyun və qarın nahiyyələrində 8 ədəd bıçaq yarası müəyyən olunub. Qanında 1,7% qatılığında etil spirti aşkar edilib.


 
Səbuhi Zülalov 2012-ci ildə Səbail rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, sentyabrın 26-da Səbuhi Zülalov dostu Əfqan Qədəşovla birlikdə, öz doğum gününün qeyd edilməsi münasibəti ilə bir neçə məkanda, son olaraq Hövsan qəsəbəsində yerləşən kafedə yeyib-içib. Orta dərəcəli sərxoş halda ayın 27-i səhər saat 4 radələrində evə gedərkən, Əfqan Qədəşov ondan digər dostu Nurəddin Mehdiyev tərəfindən hədiyyə edilmiş qol saatını istəyib. Saatı ona vermədikdə, Əfqan yaranmış narazılıq səbəbindən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək, kəllə ilə üzünə zərbə endirib və burununu sındırıb. Bunun əvəzini çıxmaq istəyən Səbuhi yaşadığı evə gedib və paltarlarını dəyişəndən sonra, mətbəxdən 2 ədəd bıçaq götürüb. Əfqanı yaşadığı evin yaxınlığında axtarıb taparaq, onu söhbət etmək bəhanəsi ilə İlqar Əhlimanov küçəsində yerləşən “Hövsan parkı”na gətirib.

Şalvarının belindən çıxardığı bıçaqla 2 dəfə zərbə vuran kimi, dostu xilas olmaqdan ötrü qaçıb, yolun əks tərəfində yerləşən “Gəncə təndiri” iaşə obyektinə girib. Təqib edərək, ictimai yer olan obyektin qarşısında və daxilində,  yalvarışlarına məhəl qoymadan Əfqan Qədəşova çoxsaylı zərbələr vurub. Bu hərəkəti ilə, Səbuhi Zülalov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.


 
İş üzrə dindirilmiş Səbuhi Zülalov bildirib ki, 4 ay əvvəl tanış olduğu Əfqan Qədəşovla dostluq münasibətləri yaranıb. Hadisə günü içkili olublar, davaları da söyüşə görə başlayıb:

“Başqa problemimiz olmayıb. Parkda məsələni aydıraşdırarkən, skamyadan qalxan dostum “nə demişəm, nə söymüşəm, düz eləmişəm” dedi. Bu ifadəsindən hiddətlənərək, bıçaqla Əfqana 2 dəfə zərbə vurdum. Yaralanan dostum qaçıb yolun digər tərəfində yerləşən çörək dükanına girdi. Ona çatandan sonra, obyektin içərisində əlbəyaxa olduq, sərxoş olduğumdan vurduğum bıçaq zərbələrinin sayı yadımda deyil. Əfqan yaralı halda əlimdən çıxıb çölə qaçdı. Sonra kimlərsə təcili yardım çağırdılar. Burnum 3 yerdən sındığından, nəfəs almaqda çətinlik çəkirdim. Həkimlər Əfqanı Təcili yardım maşınına qoyandan sonra, onlarla birlikdə xəstəxanaya yollandım. Xəstəxanaya çatanda dostum keçindi. Sonra telefonla danışan polis əməkdaşı dedi ki, xəstəxanada onları gözləyim”.

Səbuhi Zülalov

Səbuhi Zülalovun sözlərinə görə, dəfələrlə Əfqan Qədəşovu başa salıb ki, öz zarafatımız ayrı şeydir, ailə söyüşlərini qatmaq lazım deyil. Bunu heç kim götürməz. Amma həmin gecə hər ikisi sərxoş olduğundan, sözlərini və hərəkətlərini idarə edə bilməyiblər.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi İlqar Qədəşov ifadəsində göstərib ki, küçədə dava zamanı Əfqan Səbuhinin burnunu sındırandan sonra, evə gedib:

“Səbuhi də öz evinə gedərək, paltarlarını dəyişib və bıçaq götürərək, küçəyə çıxıb. Əfqanı tapa bilmədiyinə görə, gəlib onu gecə saat 3-4 arası söhbət etmək bəhanəsi ilə evdən çağırıb. Arvadı və qızı bunun şahid olub. Eşitdiyimə görə, Səbuhinin yanında daha 2 nəfər də olub. Yoldaşı yarım saatdan sonra ərinə zəng edəndə, artıq telefonu sönülü olub. Şəxsən özüm hadisə yerində olmamışam. Bildiklərim bu qədərdir. Əfqan xassiyətcə haqsız danışan, dalaşan insan olmayıb. Qardaşım əvvəllər oğurluğa və xuliqanlığa görə məhkum olunub”.

Əfqan Qədəşov
 
Şahid Zakir Zülalov ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun oğludur: 

“Oğlum da gecə kafedə usta işləyirdi. Gecə orada işləyir, saat 3-4-də evə gəlib, çörəyini yeyib, yatırdı. Mən də gecələr yata bilmirdim, səhərə kimi oturub televizora baxırdım. Otaq da qaranlıq olurdu, dəhlizin işığını da söndürürdüm. Saat 4 olardı, Səbuhi içəri girdi. O, həmişəki kimi paltarını dəyişmək üçün öz otağına keçdi. Mən də otağımdan çıxdım. Otağımızın biri təmirsiz idi, siqareti çəkmək üçün oraya keçmişdim. Gördüm ki, mətbəxin işığı yanır, Səbuhinin yemək yeməyə getdiyini düşündüm. Buna görə də qonaq otağında televizora baxmağa getdim. Bir də gördüm ki, Səbuhi qapıya tərəf keçib, ayaqqabısını geyinir. Hara getdiyini soruşanda, Səbuhi işlədiyi evin yiyəsinin gələ bilməyəcəyini və bu səbəblə orada qalmağa getdiyini dedi. Bıçağı götürdüyünü görmədim. Bilsəydim, Səbuhini buraxmazdım. Səbuhi çox xeyrə-şərə yarayan insan idi. Səbuhinin davası olmamışdı”.


 
Şahid Səbuhi Həbibzadə bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfə dükanlarından çörək alıb:

“Hadisə saat 4 radələrində olub. Çölə çıxmaq istəyəndə 2 nəfərin qaçıb içəriyə girdiklərini gördüm. Heç bir dəqiqə çəkmədi. Zərərçəkmiş qabaqda, Səbuhi isə arxasınca qaçırdı. İçəri girən kimi, yıxılaraq, əlbəyaxa oldular. Təqsirləndirilən şəxsin əlində bıçaq vardı, amma zərbələr vurduğunu görmədim”. 
 
Məhkəmə iclasında Səbuhi Zülalov ittiham üzrə özünü tam təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.


 
Məhkəmə hesab edib ki, Səbuhi Zülalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə nəzərdə
tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Zülalov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7566
avatar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45