Mühasirədən qurtuluş, ağacdan sallanan cəsəd, 301-in son əmri... - XATİRƏ
12 aprel 2013 15:35 (UTC +04:00)

Mühasirədən qurtuluş, ağacdan sallanan cəsəd, 301-in son əmri... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Artıq gec idi, biz erməniləri məhv edə biləcəyimiz fürsəti əldən vermişdik. Taxıllıqda bizim kiçik bir qrup ermənilərin qarşısını almağa çalışırdı. Amma alınmadı, onlar itki verə-verə geri çəkildilər. Çox ağır vəziyyət yaranmışdı. İlk dəfə idi ki, Şirin Mirzəyevi belə görürdüm. Rəngi qaçmışdı, sifətinin əzələləri titrəyirdi. Qəfil əmr verdi:

 

- Uşaqlar, tələsin!

 

Komandir qardaşı oğlu Mübarizi də bizə qoşdu. Biz mina təmizləyənlərlə birgə Qazançı tərəfə hərəkətə keçdik.

 

24-cü yazı

 

Mühasirə...

 

Arxada isə əsgərlərimiz kiçik dəstələrə bölünərək düşmənlə üz-üzə döyüşürdülər, göydən od tökülürdü. Üç tərəfdə möhkəmlənən ermənilər arxa cinahımıza tərəf irəliləyirdilər. Dörd tərəfimizdə ağır döyüşlər gedirdi. Ermənilərin yaratmaq istədikləri mühasirəyə düşməmək üçün uşaqlar ölüm-dirim savaşına girmişdi...

 

Briqadadan vəd edilən köməkdən isə xəbər yox idi...

 

Biz - kəşfiyyatçılar və mina təmizləyən dəstənin uşaqları, o cümlədən Mübariz Qazançı yolu istiqamətində hərəkət etdik. Kəşfiyyat dəstəsinin uşaqları üç kiçik qrupa bölünmüşdü. Bir qrup mina təmizləyənlərin önündə, digər iki qrup isə sol və arxalarında onları qoruyurdu. Yolu təmizləyə-təmizləyə Qazançıdan Əliağalıya gedən döngəyə gəlib çıxdıq.

 

“Tyaqaç”ımız minaya düşdü

 

Minatəmizləyən uşaqlar əllərindən gələni edirdilər ki, yolda mina qalmasın. Gəlib çatdığımız döngə sıx meşəliklə əhatə olunmuşdu. Döngənin solunda böyük bir ağac da var idi.

 

Əvvəllər burda xeyli döyüş getdiyindən tank və BMP-dən atılan müxtəlif çaplı pulemyot güllələrinin gilizləri yerlə bir idi. Yağışdan və qardan sonra yoldan keçən texnika bu gilizlərin əksəriyyətini torpağın altına yeritmişdi. Mina təmizləyən detektor dəmirə reaksiya verdiyindən dayanmadan siqnal verirdi. Bu da uşaqlara minaları tapmağa mane olurdu.

 

Oradan bir neçə tank əleyhinə mina tapıb zərərsizləşdirildi. Ermənilər ara-sıra buranı  atəşə tuturdu. Vəziyyət çətinləşdikcə, mina təmizləyənlərin komandiri “Desant” Allahverdi ilə aramızda gərginlik yaranırdı.

 

Artıq mühasirədən sağ çıxan əsgərlərimiz hərbi təcili tibbi yardım maşınlarında, bəzən isə əllərində əvvəlcə yaralılarımızı, ardınca isə həlak olanların cəsədini gətirməyə başladılar. Onları bizim olduğumuz yerə gətirdilər. Daha sonra Xıdırlı rotasının “Tyaqaç” dediyimiz dəmir zirehli maşını və minaatanlar dəstəsinin “KAMAZ”ı gəlib çatdı. Mühasirədən sağ-salamat çıxan əsgərlərimiz yol boyu səpələnmişdi. Şirin Mirzəyev üzündə hüzn, kədər lap arxada gəlirdi.

 

“Desant” Allahverdi bundan artıq iş görə bilməyəcəklərini deyirdi. Onun fikrincə, yol artıq  təhlükəsiz idi. İlk olaraq Xıdırlı rotasının uşaqlarını aparan “Teqaç” təmizlənmiş zonadan keçməyə cəhd göstərdi. Birdən partlayış oldu. Maşın minaya düşmüşdü. Tank əleyhinə mina o boyda “Tyaqaç”ı uşaqlar qarışıq arxası üstə çevirdi. Tüstü, toz-dumandan bir müddət heç nə görə bilmədik. Yalnız uşaqların bağırtıları gəlirdi...

 

Tüstü, toz-duman çəkildikcə gördüyüm mənzərədən yerimdə donub qalmışdım. İnsan ayaqları, qolları bədəndən kənarda qalmışdı. Ayaqsız, qolsuz əsgərlər ayaqlarının və qollarının kəsilmiş yerlərini qucaqlayıb bağırırdılar.

 

Əvvəlcə “Desant” Allahverdinin üstünə yeridim. Baş vermiş hadisə məni özümdən çıxarmışdı. Allahverdini məsuliyyətsizlikdə günahlandırır, yolu təmizləməzsə, bir daha belə hadisə olacağı təqdirdə...

 

Sonra ciblərimdəki ilkin tibbi yardım dəstlərini çıxardım, əvvəlcə onların arasından “jqut”u (qanaxmanın qarşısını almaq məqsədi ilə bədənin müxtəlif yerlərindən bağlanan rezin bağ) götürdüm və yarasından axan qanı kəsmək üçün uşaqlardan birinin ayağını baldırından bağladım. İkinci “jqut”um olmadığından ciblərimdən çıxardığım hazır tənziflərlə yaralarını sarımağa başladım.

 

Heç kəsi sifətdən tanıya bilmirdim. Mina partlayan zaman yaranan tüstü-his onların üz-gözlərini tamam tanınmaz hala salmışdı. Xıdırlı rotasından bir yaralının his-pasdan qapqara olmuş sifətində parıldayan iri gözləri indi də yadımdadır. Üstündən bir il keçəndən sonra onu Ağdamda gördüm, gözlərindən tanıdım.

 

İmkanı olanlar yaralılara bu şəkildə kömək edirdi. Uşaqlardan birinin cəsədi ağacın başında qalmışdı...

 

Lap arxada isə əsgərlərimiz bir neçə kiçik qruplarla müdafiə oluna-oluna bizə tərəf geri çəkilirdilər. Vəziyyət çox ağır idi. Artıq bu döngədən keçmək təhlükəli idi. Amma ayrı yol da yox idi. Uşaqlar partlayan “Tyaqaç”ı sürüyüb yolun kənarından bir qədər qırağa gətirdilər. Mina təmizləyənlər yenidən iş başına keçdilər. Yenə bir mina tapdılar, yenə “təmizdir” raportu verildi...

 

Bu dəfə minaatanlar dəstəsinin istifadəsində olan “KAMAZ”ı  həmişə “Rıjıy” çağırdığımız Əli adlı əsgəri sürərək döngəyə gətirdi. Hamımız həyəcanlıydıq ki, birdən bu da minaya düşər... Əli “KAMAZ”ı sağ-salamat döngədən keçirtdi. Ardınca içərisində yaralı və cəsədlər olan hərbi təcili yardımlar keçdi. Bir qədər gəlmişdik ki, yenə avtomobillər dayandı.

 

Körpüsalanlar...

 

Qarşıda yolun bir hissəsini, təxminən 2 metrini yağış yuyub aparmışdı. Vaxt yox idi. Şirin Mirzəyevin tapşırığı ilə dərhal bu yarğanı bağlaya biləcək ölçüdə və sayda ağaclar qırdıq. Onları uzununa və eninə  düzüb üstünə qalın budaqlardan döşədik. Üstünündən də torpaq tökməyə başladıq. Kimi bel ilə, kimi əsgər yemək qabı, kimi isə əllə torpağı ağacdan saldığımız “körpünün” üstünə tökürdü. Bu işə hətta Ş.Mirzəyev də qoşulmuşdu.

 

İyun ayının istisi, həyəcan, toz-torpaq. Adamın dili ağzında quruyurdu. Su indi bizim  üçün ən qiymətli nemət idi. Su ehtiyatımız qurtarmışdı deyə, komandir Qırımxan Novruzovla bir nəfəri dağın dibindəki bulaqdan su gətirməyə göndərdi. Amma bulaq quruduğundan uşaqlar əliboş qayıtdı. Kimdəsə bir qumquma (kəmərdən asılan yarım litrlik hərbi su qabı) su qalmışdı. Hərəyə bir qurtum almaqla o suyu içdik. Maraqlı o oldu ki, o bir qumquma su bütün uşaqlara bəs etdi...

 

İlk keçən avtomobil hərbi təcili tibbi yardım oldu. Onun ardınca digər təcili tibbi yardım və “KAMAZ” çıxdı. Yaralıları daşıyıb avtomobillərə qoyduq və “körpüdən” keçirdib sağ-salamat hospitala çatdırdıq.

 

Biz geri çəkilərkən ermənilər Yeni Qaralara qədər gələ bildilər. Hətta onlar bir neçə saat Yeni Qaralar kəndinin bir hissəsini öz nəzarətlərində saxladı. Lakin bizim əsgərlərimiz erməniləri oradan çıxardı və etibarlı bir müdafiə qurdular.

 

Çox ağır itkilərimiz oldu...

 

Çox böyük itki vermişdik. Bu, batalyonumuzun ən ağır itki verdiyi döyüş olmuşdu. Səhv etmirəmsə, qırxa yaxın itkimiz var idi...

 

Sonralar uzun zaman Qarabağ Əlillər Cəmiyyətinin Ağdam rayon şöbəsinin rəhbəri olmuş Mahir Rzayev də bu döyüşdə yaralandı. Ermənilər BMP ilə vurmuşdular onu. Mahir ağır yaralanmışdı, bir ayağını itirmişdi. Mahir dediyinə görə, sonradan həmin BMP-ni minaatanlar dəstəsinin əsgəri Şamil Əbilov vurmuşdu.

 

Bu döyüşdə yenicə təyin olunmuş batalyon komandiri Natiq Camalovu da itirdik.

 

Natiqin ölümü ilə bağlı iki versiya danışılırdı:

 

Birini onun yanında olan “Malış” ləqəbli rabitəçi danışırdı. Deyirdi ki, Natiq döyüşdə ağır yaralanıb, “Malış” onu çıxarmaq istəyəndə Natiq qoymayıb. Rabitəçiyə tapşırıb ki, geri çəkilsin, özü gələcək... Amma “Malış” Natiqdən bir qədər aralanmış komandir özünü əl qumbarası ilə partladıb.

 

Digərini isə Qiyaslı rotasından olan tankçı Səyyaf danışıb. Səyyaf uşaqlara deyib ki, ermənilər Kiçana girəndə Natiqi vurublar, o, şəhid olub.

 

Tankı vurulan Səyyaf özü də o döyüşdə avtomatına sarılaraq sona qədər döyüşüb və şəhid olub. Yenicə yaradılan Mərzili batalyonunun qurucusu Allahyarı da o döyüşdə itirdik. Allahyarla birlikdə onun sürücüsü, mənim həmkəndlim Rəmiyəddin Məhərrəmov da həlak oldu. Təchizat rotasından Şirini də itirməyimizi xatırlayıram. Digərlərinin adı yadımda qalmayıb. Əslində, adını çəkdiyim və çəkmədiyim əsgərlərdən çoxunun taleyi  dəqiq məlum olmadı, bilmədik, həlak olublar, ya əsir düşüblər.

 

Həmin döyüşlə bağlı bir məqamı da qeyd edim. Heç bir siyasi qruplaşmaya qoşulmayan, məqsədi yalnız torpaqlarımızın müdafiəsi olan Şirin Mirzəyevi o vaxtlar bir çoxları sevmirdi. Adına müxtəlif şayiələr çıxarırdılar onun, amma Şirin Mirzəyey heç birinə məhəl qoymurdu torpaqlarımızın müdafiəsi üçün əlindən gələni edirdi.

 

Sonralar deyildi ki, heç kəsin adamı olmayan Şirin Mirzəyevi zərərsizləşdirmək və onun rəhbərlik etdiyi alayı dağıtmaq üçün bu əməliyyatı qurublar.

 

Bəlkə də həqiqət deyil, amma bu iddia bu gün də aktualdır və hadisələrin sonrakı inkişafı da belə düşünməyə əsas verir. Şirin Mirzəyevin cavabsız sualları, batalyonun çatışmayan silah və sursatın siyahısı olan xeyli sənədlər də var əlimizdə. Öz əli ilə yazdığı qeydlər var ortalıqda...

 

Bu döyüşün ən ağır vaxtlarında belə Ş.Mirzəyev briqada komandiri, Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilmədi. Saxlayanda da kömək əvəzinə ona yalnız boş vədlər verilirdi.

 

301-in son əmri

 

Yeni Qaralarda möhkəmlənəndən sonra Ş.Mirzəyev alayın sağ qalan döyüşçülərini dərhal toplayıb yoxladı. Bizə isə Əliağalı rotasının və digər dəstələrdən 15-20 nəfər qoşaraq Ballıqaya-Kiçan istiqamətində kəşfiyyata göndərdi. Biz həm də döyüşdə yaralı qalmış uşaqları, əlbəttə əgər sağ qalıblarsa, tapıb çıxartmalıydıq. Eyni zamanda Ş.Mirzəyev tapşırmışdı ki, düşmənin arxasında onun əmrini gözləyək. O, batalyonu yenidən əks-hücuma hazırlayırdı. Biz yola düzəldik. Yeni Qaralardakı “Hidayətin blindajı”ından keçib “Dıqqının yalı” deyilən balaca dağın yanından Qazançı tərəfdən - Sarı qaznaq istiqamətə hərəkət etdik.

 

İyunun 18-də rabitəçi qız kodlarla bizi geri çağırdı. Mən ona bildirdim ki, biz tapşırılan yerdə əməliyyatın davamı üçün 301-in (301 Ş.Mirzəyevin rabitə kodu idi) əmrini gözləyirik, necə yəni geri qayıdaq?

 

Rabitəçi qız ağlaya-ağlaya açıq mətnlə bunları dedi:

 

- Rey, elə 301-in əmridir, təcili geri qayıdın!

 

“Deməli, nəsə ciddi bir hadisə baş verib”, - deyə düşündüm. Ürəyimə yüz fikir gəldi, amma bu əsla gəlmirdi... Əsla...

 

reykerim@gmail.com

 

Ardı var...

# 5526
avatar

Rey Kərimoğlu

Oxşar yazılar