İlk hücum, “ratsiya”dakı erməni bağırtısı, gənc əsgərlərin ölümcül zərbəsi - XATİRƏ
26 mart 2013 14:35 (UTC +04:00)

İlk hücum, “ratsiya”dakı erməni bağırtısı, gənc əsgərlərin ölümcül zərbəsi - XATİRƏ

 

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

***

 

...Gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı... Yer-göy lərzəyə gəldi. Neçə vaxt idi ki, bu hücuma hazırlaşırdıq. Həm kəşfiyyat, minaatanlarımız, istehkamçılarımız, həm də digər dəstələrimiz bu əməliyyata çox ciddi hazırlaşmışdılar. Onu da qeyd edim ki, elə bizim kəşfiyyat dəstəsi bu əməliyyatla bağlı təxminən 10-12 kəşfiyyat tapşırığı həyata keçirmişdi. Bütün batalyon psixoloji baxımdan bu döyüşə hazır idi. Artilleriya hazırlığından sonra bir anlıq sakitlik çökdü. Hamı səsini içinə çəkib, həyəcanla bundan sonra nə olacağını gözləyirdi.

 

Birdən istifadəsində olan “UAZ” markalı avtomobilin səsgücləndiricisindən Şirin Mirzəyevin amiranə səsi gəldi:

 

- BATALYOOOON! HÜCUMAAAAAA!

 

Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi, tırıldadı, ləngər vurub, yerindən irəli sıçradı.

 

Mən ağladım...

 

22-ci yazı

 

Ermənilərin cəsədləri səngərdə qalmışdı

 

Əlimin arxasıyla gözlərimi silib sağa-sola boylananda gördüm ki, əsgərlərimizdən bəziləri də ağlayır. Əslində, bu sevinc göz yaşları idi ki, biz onu saxlaya bilmirdik.

 

Torpaqlarımızın azad edilməsinə başlayırdıq...

 

Biz - kəşfiyyat dəstəsinin böyük bir qrupu - İdris Hümbətov, Azad Musayev, Ziyad Əliyev, Qırımxan Novruzov, Fərman (indi tam xatırlamıram, həmin əməliyyatda bizim dəstədən daha kimlər iştirak edirdi) və Yavər Babayevin dəstəsi Xaçın çayını keçib, özümüzü meşəyə verdik.

 

Dəstəmizin çağırış kodu “Palıd on səkkiz” idi. Yavərin xüsusi təyinatlı dəstəsindən indi yalnız Rizvan Kərimovu xatırlayıram. Digərlərini  tamam unutmuşam. Xanəndə Mənsum İbrahimovun qardaşı Mahir İbrahimovun də iştirakını sonradan, özü yadıma salandan sonra xatırladım.

 

Biz Xaçın çayının sol sahilinə keçib ermənilərin yağış kimi yağdırdığı güllələrin altında özümüzü sıx, qalın meşəyə verdik. Çay boyu meşəylə Ballı qaya - Kiçan kəndi istiqamətinə tərəf irəliləyirdik.

 

Xaçın çayının sağ tərəfində isə bizim batalyonun əsgərləri sürətlə irəliləyirdi. Sonralar dəqiqləşdirdim ki, bu hücumda bizimlə birlikdə cəmi 150 əsgərimiz iştirak edib.

 

Heç bir müqavimət olmadan gəlib ermənilərin “Qız qəbri” deyilən postuna çatdıq. Minaatanlarımız və artilleriyaçılarımız ermənilərin bu səngərini vurmuşdular. Biz ora çatanda hələ bir neçə erməni meyiti qalmışdı. Bir erməni isə yaralı idi, can verirdi... Səngərdə müxtəlif hərbi sursat və çox böyük bir dənizçi durbini var idi. Ziyad durbini götürüb boynuna taxdı.

 

Bir erməni əlində hərbi telefonun dəstəyi canını tapşırmışdı. Dəstəyi qaldırıb dinlədim. Erməni dilində qışqıra-qışqıra nə isə deyirdilər. Ermənicə bildiyim bir neçə sözü quraşdırıb bunu dedim:

 

- Ara, Türki yeqala! (Ara, Türklər gəldilər! – təxminən bunu demək istədim)

 

Erməni yenə öz dilində qışqıra-qışqıra nəsə dedi, təbii ki, anlamadım. Ardınca özümü saxlaya bilməyib rusca söydüm:

 

- Ya vaşu...

 

Bizim məqsədimiz bu postu götürüb, burada 2-3 nəfərdən ibarət kiçik bir dəstə qoyub, irəli - Vəngin körpüsü istiqamətində mövqe tutmaq idi. Vəngin körpüsü Ağdərə ilə Xankəndini birləşdirən əsas yolun üzərindəki körpü idi. Plana uyğun olaraq irəli getdik...

 

Bir tank və avtomobilimiz minaya düşdü

 

Çayın sağ tərəfində isə əməlli-başlı ölüm-dirim savaşı gedirdi... Sırxavənd qəbiristanlığının yanında ermənilər ciddi müqavimət göstərdilər. Orada bizim bir tankımız və bir rabitə avtomobilimiz minaya düşdü. Bütün bunları kinoya baxırmış kimi meşədən izləyirdik.

 

Ermənilər hələ onlarda olan sol tərəfdəki dağın başından çayın sağ tərəfindəki dəstələrimizi reaktiv “Qrad” qurğusundan, top, minaatan, tank və BMP-lərdən şiddətli atəşə tuturdular. Minaya düşən tankımızı Qiyaslı Yunisin rəhbərlik etdiyi təmir rotasının uşaqları bərpa etməyə çalışırdı. Bu, çox dəhşətli bir səhnə idi. Ermənilərin Qrad, top, tank mərmiləri uşaqların inadını qıra bilmirdi.

 

Sonra öyrəndik  ki, uşaqlar tankın sıradan çıxmış “katoku”unu və onun üstündəki tırtılı bərpa etməyə çalışırmışlar. Əslində bu, çox mürəkkəb bir işdir. Səhra şəraitində bunu etmək çox çətindir. Mən bu səhnəni heç Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə də görməmişdim. Uşaqların tankı bərpa etmələri xeyli çəkdi. Amma əsgərlərimiz həyatlarını təhlükəyə ataraq bunu bacardılar, istəklərinə nail oldular. Rabitə avtomobilimiz minaya düşəndə isə bir nəfər şəhid oldu, bir nəfər isə yaralandı...

 

Bu arada ermənilərin döyüş mövqeyində olan iki BMP-sini idarə edən ruslardan ibarət heyət işlək təptəzə BMP-ni qoyub qaçdılar. Həmin rus heyəti bizə çox yaxın yerdən keçdilər. Şirin Mirzəyevlə əlaqə saxlayıb, həmin ruslarla bağlı nə edəcəyimizi soruşduq. O, bildirdi ki, biz artıq elə bir mövqedəyik ki, yerimizi bildirməməliyik. Bu səbəbdən həmin ruslara dəymədik.

 

Artıq batalyonumuz Sırxavənd qəbiristanlığını düşməndən təmizləyib çətinliklə də olsa bir neçə ay əvvəl ermənilərin işğal etdikləri kəndlərimizə tərəf irəliləyirdi. Ermənilər var gücləri ilə müqavimət göstərirdilər. Mərmilər, güllələr yağış kimi yağırdı...

 

Bir neçə saata dörd kənd və strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edildi

 

Təxminən saat 4-5 radələrində əsgərlərimiz artıq Sırxavənd, Qaraşlar, Bəşirlər kəndlərini və bir neçə strateji yüksəklikləri ermənilərdən azad etmişdilər.

 

Biz isə deyilən yerə çatıb, əmr gözləyirdik.

 

Axşam saat 8 radələrində əsgərlərimiz erməni silahlılarının mərkəzi qərargahı olan Ballı qaya - Kiçana daxil oldular.

 

Bu xəbəri biz “ratsiya”da aldıq və çox sevindik...

 

Bizimkilər Ballı qaya - Kiçanda xeyli hərbi sursat və düşmənin iki “KAMAZ” dolusu ərzağını ələ keçirmişdilər. Həmin ərzaqların əksəriyyəti balaca konserv qutularında olan düyülü kasa idi. Çox dadlı kasa idi, yeri gəlmişkən. Uzun müddət biz elə kəşfiyyat  zamanı onu yedik. Bu döyüşdə bir neçə erməni əsgəri də əsir düşmüşdü.

 

Qısa arayış: Xüsusilə qeyd edim ki, baş əməliyyat planına uyğun olaraq bizim sağ və sol cinahlarımızdan - Ağdam və Ağdərə istiqamətindən digər hərbi hissələr bizimlə paralel hücuma keçib irəliləməli, ermənilərin mövqelərini götürməliydilər. Amma bu olmadı. Bizim batalyon qarşıya qoyulan tapşırığa əməl etsə də, sağ və sol cinahlarımız irəliləyə bilmədi, həmin mövqelər ermənilərdə idi. Bu isə yeddi-səkkiz kilometr düşmənin içərisinə girmiş batalyonumuzun hər an mühasirəyə düşə bilməsi demək idi.

 

Əslində, bu plan əvvəldən qüsurlu idi. Çünki biz yeddi-səkkiz, uzağı on kilometr məsafəni qət edə bilərdik. Amma sağ cinahdan - Ağdərə istiqamətindən bu məsafə bəlkə də altı-yeddi dəfə çox idi. Bu, hərbi baxımdan mümkünsüz idi. Eyni sözü sol - Ağdam cinahı barədə də demək olar. Qatır Məmmədin və Faiq Baxşəliyevin qüvvələri heç vaxt 10 saata baş planda nəzərdə tutulanları edə bilməzdilər. Edə bilmədilər də... Biz dağlarla əhatə edilmiş sağ və sol cinahlarımızda ermənilər ola-ola çaykənarı-düzənliklə irəli hücuma keçməli və tapşırığı yerinə yetirməliydik.

 

Əlbəttə, o zamanlar bu cür qüsurlu əməliyyata etiraz etmək, ən azından “vətən xaini”, “satqın” damğası almaq demək idi. Həm də digər vaxtlardan fərqli olaraq əmrlər yazılı şəkildə verilmişdi və hər komandir bu əməliyyata imza atmışdı. Baxmayaraq ki, əməliyyat üçün lazım olan sursat da tam verilməmişdi. Bu səbəbdən də Şirin Mirzəyev batalyon mühasirəyə düşərsə, itkisiz geri çəkilmək üçün Qazançı yolunu ehtiyat yol kimi saxlayırdı.

 

...Ermənilər müxtəlif istiqamətlərdən bizim batalyon yerləşən məntəqələrə hücumlarını davam etdirirdilər. Uşaqlar əsl qəhrəmanlıqla onların hücumların dəf edirdi. Döyüş olmayan çox az vaxt olurdu. Bəzən bizim “Palıd on səkkiz” qrupu bu hücumların arasında qalırdıq, amma tapşırığa uyğun olaraq yerimizi bildirmir, özümüzü gizlədirdik.

 

Gənc əsgərlərdən ermənilərə ağır zərbə

 

Bizim Yeni Qaralar kəndindən Sırxavəndin qəbiristanlığına qədər olan məsafəni Gəncədən ezamiyyətə gəlmiş polislər qoruyurdu. Ön xətdə döyüşən əsgərlərimiz mühasirəyə düşməsin deyə onlar Sırxavənd qəbiristanlığının yanındakı postda dayanmışdılar. Ermənilər çayın sol sahilindən, bizdən də arxada olan mövqedən həmlə etdilər. Bir azdan Gəncədən gəlmiş polislər geri çəkildilər. Çox ağır bir durum yaranmışdı. İrəlidəki qüvvələrimizin mühasirəyə düşməsi an məsələsi idi.

 

Şirin Mirzəyevin təşəbbüsü ilə Ağdamın Çullu kəndində yaşı on səkkizə yeni çatmış gənclərdən ibarət bir dəstə yaradılmışdı. Onların təliminə polkovnik Mustafa Əliyev başçılıq edirdi. O döyüşdə ilk dəfə olaraq həmin əsgərlərdən on beş nəfərini ehtiyat üçün yerləşdirmişdilər. Onlar cəbhənin 3-cü arxa xəttində Yeni Qaralar kəndində “Hidayətin blindajı” deyilən postdaydılar...

 

Ermənilərin hücumlarının qarşısında polislərimiz duruş gətirə bilməyəndə vəziyyət pisləşdi. Ermənilər ruslarla birgə Xaçın çayını keçərək batalyonu mühasirəyə salmaq istəyirdilər. Onlar polislərin geri çəkildiyini görüb çox arxayın şəkildə çayı keçməyə başladırlar. Bu zaman həmin o gənc əsgərlər döyüşə atıldılar. Çaş-baş qalan ermənilər xeyli itki verdilər. Çayın kənarında onlarla meyit leş-leşə qalmışdı, sağ qalanlar yaralılarını götürüb geriyə, meşəyə tərəf qaçdılar...

 

Biz əmr gözləməkdən yorulmuşduq. Üç gün - üç gecə beləcə gözləmə mövqeyində olduq. Meşədə yediyimiz “kaşa”, “qovyadina”nın qutularını qazıb torpağa basdırırdıq ki, heç bir izimiz qalmasın.

 

Axırda bizim dəstənin rabitə qurğusunun -“ratsiya”mızın enerjisi bitdi. Ehtiyat batareya da qurtarmışdı. Heç kəsi batareya üçün geri göndərə bilmədik. Döyüşü qoyub geri qaçırmış kimi qəbul edə bilərdilər. Amma batareya da bizim üçün döyüş qədər  əhəmiyyətli idi. Axırda vəziyyətin nə olduğunu görən Ziyad geri qayıtmağa razılıq verdi.

 

Rabitə qurğumuz yox idi deyə, çayın o tayında nə baş verdiyini yalnız izləyirdik, amma dəqiq nə baş verdiyindən xəbərsiz idik.

 

Artıq bizim qoşunlarımız Vəngin körpüsünə çatıb, ora yaxın bir yerdə mövqe tutmuşdular. Ratsiya batareyası tapmaq mümkün olmamışdı, amma əsgərlərdən biri Şirin Mirzəyevdən xəbər gətirmişdi ki, gəldiyimiz yolla geri çəkilək.

 

Səhv etmirəmsə, ayın 16-da da biz – “Palıd on səkkiz” əvvəlki mövqeyimizdən xeyli geri çəkildik. Və bu zaman ermənilərlə qarşılaşdıq...

 

(Ardı var)

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6266
avatar

Rey Kərimoğlu

Oxşar yazılar