Düşmənlə göz-gözə, erməni qarının arabada gülməyi, cəhənnəm dəqiqələri... - XATİRƏ
02 may 2013 18:31 (UTC +04:00)

Düşmənlə göz-gözə, erməni qarının arabada gülməyi, cəhənnəm dəqiqələri... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

27-ci yazı

 

Canyataq, Gülyataq döyüşü...

 

Qeyd: Canyataq, Gülyataq bizə qədər bir dəfə Qatır Məmmədin (Yaqub Rzayevin), Ağdam Milis İdarəsinin tərkibində yaradılan OMON-un qüvvələri və o ərazidəki yerli döyüşçülərimiz tərəfindən alınmışdı. Bu sözügedən kəndlərə sayca ikinci hücum idi.

 

İyunun sonları idi. Bizi əməliyyat adı ilə Ağdam rayonunun Qalayçılar kəndinə apardılar. Orada məktəbdə Bakıdan, Şəkidən və Ağdam mədəniyyət evindən gələn musiqiçilər, sənət adamları konsert verirdilər. Elə konsert yenicə başlamışdı ki, ermənilər kəndi ağır artilleriyadan atəşə tutdular. Qarışıqlıq düşdü. Bizim kəşfiyyat dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri toplaşdıq. İndi unutmuşam, digər bir batalyon da bizimlə orada idi. A.Qəmbərov bizə bildirdi ki, ermənilərin məskunlaşdığı Canyataq və Gülyataq kəndlərini ermənilərdən təmizləmək üçün əməliyyat olacaq. Rasim Edilovun komandir olduğu və digər rotalarla birgə Canyataqla Gülyataq istiqamətinə irəliləməyə başladıq...

Rasimin qardaşı Şəfa Edilov da bizimlə idi. Elə də hündür olmayan dağın başında ermənilər mövqe tutmuşdu. Canyataq və Gülyataq o dağların arxasında yerləşirdi. Ermənilərin postuna xeyli yaxınlaşdıq və Şirin Mirzəyevsiz ilk ağır döyüşə başladıq...

 

Hücuma keçdiyimiz kəndlərin önündə səngər kimi dayanan dağların əksəriyyəti çılpaq dağlar idi. Yəni ağac yox idi, eləcə kol-kosdan ibarət idi. İyun ayının adamı yandırıb yaxan bir günü idi. Havanın istiliyinə mərmi atəşlərindən od alan kol-kosun da istiliyini əlavə eləsək, vəziyyətin necə ağır olduğunu təsəvvür edin. Əsl cəhənnəm idi...

 

Bu azmış kimi biz üzərimizdəki güllələr, qumbaralar və silahlarla dağ yuxarı qalxmalıydıq. Adi vaxtlarda bir neçə dəfə yolboyu dayanıb asta-asta çıxılan dağı indi birnəfəsə, özü də  qaça-qaça qalxmalıydıq. Biz dağın başındakı erməni postuna yaxınlaşdıqca onlar atəşi daha da sürətləndirir, erməni artilleriyasının atdığı mərmilər sağ-solumuzda partlayırdı. Bəzən mərminin düşəcəyini hiss etsək də, macal tapıb yerə uzana bilmirdik. Çünki indi vaxtında atılan hər addımın hədəfə çatmaq üçün əvəzsiz dəyəri vardı. Rasim Edilovun gənclərdən ibarət rotasının uşaqları cərgə ilə düzülüb sağımızla üzü dağa, dağın yanındakı dərəyə tərəf irəliləyirdilər. Artıq ilk yaralılar var idi...

 

Erməni səngərində...

 

Dağın başındakı erməni postunu heç cür susdura bilmirdik. Rasim uşaqlardan kiməsə qumbaraatanla posta yaxınlaşıb oranı vurmağı tapşırdı. İndi adlarını unutmuşam, iki nəfər dağın sağ tərəfi ilə yuxarı sürünüb erməni postuna yaxınlaşmağa çalışırdı. Onlar posta daha da yaxın olmaq üçün bir qədər də süründülər. Biri dizi üstə dayanıb qumbaraatanı çiynində rahatladı və atəş açdı. Atəşi hədəfə dəymədi. Əvəzində ermənilər onları hədəfə götürdü. İndi kol-kosla yanaşı yayın bu istisində dağın yamacındakı otlar da od tutmuşdu... Adam nəfəs ala bilmirdi.

 

Uşaqlar imkan tapan kimi ikinci dəfə qumbaraatanla erməni postunu tərəf atəş açdı. Bu dəfə hədəfi vurdular.

 

Artıq gözləmək olmazdı, təcili hücuma keçib postu tutmaq lazımdı. Bu sətirləri yazarkən  xatırlayıram ki, batalyonumuzun minaatanlar dəstəsinin uşaqları da çox vaxt olduğu kimi o gün də bizimlə çiyin-çiyinəydilər... Faxını, Şamili, Əlini, Amili xatırlayıram...

 

İrəli atılıb dağ yuxarı irəli qaçmağa başladıq. Daha həmin postdan bizi atəşə tutmurdular. Dağ yuxarı elə sürətlə qaçırdıq ki, adi vaxtda yəqin ki bunu bacarmazdıq.

 

Arada hiss elədim ki, nəfəsim çatmır...Öz-özümə əmr verirdim ki, dayanaq olmaz, yalnız irəli! O zaman bütün diqqətim öndəki erməni postu-səngəri idi. Ha qaçırdıq, zəhrimara qalmış posta çata bilmirdik. Elə bil biz qaçdıqca postu da kimsə geri çəkirdi.

 

Nəhayət çatdıq... Özümü aypara şəkilində qazılmış səngərin bizə tərəf qalaqlanmış sarı torpaq topasının üstünə atdım. Əslində birbaşa səngərin içinə atılmaq istəyirdim, amma gücüm buna yetdi... Qumbaraatan öz işini görmüşdü, erməni səngərində bir neçə meyit var idi...

 

Amma mən bayaqdan can atdığım erməni səngərini ancaq halsız şəkildə seyr edirdim. Çünki dayanmadan dağ yuxarı qaçmağım nəfəsimi kəsmişdi, üzüqoylu necə düşmüşdümsə, eləcə də qalmışdım. Heysiz, halsız ağzıüstə uzandığım yerdə sinəm elə qalxıb enirdi ki, sanki ürəyim yerindən çıxacaqdı. Hiss elədim ki, nəfəs aldıqca torpaq ağzıma dolur... Amma başımı qaldırmağa da taqətim qalmamışdı, boğazımı torpaq tutmasın deyə, üzümü yana-sola çevirdim. Ürəyimin döyüntüsü qulaqlarıma havası boşalmış nağara səsi kimi gəlirdi.

 

Erməni əsgəri ilə göz-gözə...

 

Üzümü sola çevirəndə bir saqqalı erməni ilə göz-gözə gəldim. Onunla üz-üzə uzanmış vəziyyətdə biz-birimizə baxırdıq. İri, yumru saqqalı sifəti toza-torpağa bulaşsa da, üzündə qan yox idi. Nədənsə hələ müharibədən çox illər qabaq-uşaq vaxtı kəndimizdə Qarqar çayında çimib sonra uşaqlıq dostum Sadayla baş-başa, üz-üzə uzanmağım yadıma düşdü...

 

Erməni hələ ölməmişdi... Əli silahında eləcə baxırdı. Mənim avtomatım isə yanımda idi. Əgər sağ olsaydı, mən onu vurana qədər o məni o dünyalıq edə bilərdi. Qəfil gözünün qapaqlarının bağlandığını gördüm, sonra göz qapaqları yenə açıldı... Artıq uşaqların bir neçəsi də erməni səngərində idi. Onsuz da can üstə olan o ermənini öldürmədim, açığı heç onu vurmaq halında deyildim. Amma uşaqlardan kimsə onun canının əzablı ağrılardan qurtardı...

 

R.Edilov və əsgərləri sol tərəfdə meşənin içərisində daha bir erməni postunu aldılar...

 

Özümüzə gəlib erməni səngərində yaxşı mövqe tutduq. Artıq Canyataq tərəfdən ermənilər əks hücuma başlamışdılar. Onların sıraya düzülüb bizə tərəf necə gəldiklərini ovuc içi kimi aydın görürdük. Bir neçə güllə atdıq, amma onlar hələ dəqiq nişan almaq üçün güllə məsafəsindən aralı idilər. Ona görə də elə saymazyana gəlirdilər ki, elə bil harasa gəzməyə gedirlər. Bu onların sırasından bir neçəsini yerə sərənə kimi davam elədi. Onlar gizlənə-gizlənə kəndin dağa tərəf olan ağaclıq hissəsinə (bizim sol tərəfimiz idi) və dağın çılpaq olan səmtinə (bizim sağ cinahımız) tərəf irəliləməyə başladılar. Dağın başındakı erməni səngərində bir neçə əsgər qoyub irəliyə doğru hərəkət etdik.

 

İsti nəfəsimizi kəsdiyindən sərinləmək üçün bir üsul tapmışdıq. Xəsarət alarkən ilkin tibbi yardım  məqsədi ilə bizə verilmiş (Futbolçular meydanda ağır zədə alanda həkimlər zədələnən əzanı keyitmək üçün ağrıyan yerə fışqırtdıqları maddə. R.K.) 25-30 qramlıq ampuldakı keyidici dərman dadımıza çatırdı. Bu ampulların əyri lüləyini qıran kimi oradan təzyiqlə buz kimi hava-maye çıxırdı. Biz  həmin mayeni pambığın üstünə töküb üzümüzü, sinəmizi, boynumuzu-boğazımızı sürtürdük. Bununla da bizi qarsan istiyə qarşı müvəqqəti müdafiə olunurduq.

 

Bu dəfə üzüaşağı gedirdik deyə, işimiz bir qədər rahat idi...Bizim sürətlə üzü aşağı yendiyimizi görən ermənilər əvvəlcə  dayandılar. Onlar bizim kəndə daxil olmaq istəyimizin qarşısını almağa çalışırdılar. Təxminən 25-30 nəfərlik bir dəstə açıq kolluq və qaratikanlıq olan yerdə ilişib qaldıq. Erməni də bunu görüb bizi atəşə tutmağa başladı. Biz nə irəli gedə bilirdik, nə geri çünki sıx qaratikan kolları paltarımıza ilişərək bizi elə tutub saxlayırdı ki, tərpənə bilmirdik. Geri qayıtsaq daha açıq bir mövqeyə keçmiş olardıq bu isə ermənilərin bizi daha asan vura bilməsi demək idi.

 

Belə bir qeyri-müəyyən və təhlükəli bir vaxtda yanğın bizim əraziyə də keçdi. Qaratikan və adi kol-koslar od tutub yanırdı, tüstü aləmi bürüdü...Biz bunu tanrının bizə verdiyi fürsət kimi dəyərləndirib irəli atıldıq. Bu dəfə qaratikan kollarının üstündən tullanaraq sürətlə kəndə tərəf irəliləməyə başladıq. Balaca bir çaya çatıb, (Sonralar bildim ki, bu Cirgiz çayı imiş) keçərək Gülyatağın ilk evinə çatdıq... Amma uzun bir binada (çox güman ki, sovxozun idarə binası idi.) mövqe tutan ermənilər bizi kəndə girməyə qoymadılar. Burada xeyli üzbəüz vuruşsaq da ermənilərin mövqelərini ələ keçirdə bilmirdik. Axırda uşaqlar qumbaraatanla iki dəfə atəş açmaqla o binadan atəş gələn yerləri vurduq. Ermənilərin öləni öldü, sağ qalanlar da yaralılarını götürüb geri çəkildilər.

Artıq Ermənilər Canyatağa tərəf çəkilmişdilər. Gülyatağı ermənilərdən təmizlədik. Açığı, indi həmin döyüşdə bizim və ermənilərin nə qədər itki verdiyini xatırlamıram, xatırladığım odur ki, bir neçə nəfər erməni əsir düşmüşdü.

 

Erməni qarını arabada apardılar

 

Onların arasında güclə yeriyən bir qoca erməni qarı da var idi. Onu evlərin birində çarpayının altından tapmışdılar... Tutulan andan ağlamağını kəsməyən bu qarını geri aparmaq çətin olacaqdı. Buna görə də uşaqlar onu kənddən tapdıqları əldə düzəlmiş təkərli bir balaca arabaya (çox güman ki, ermənilər onu heyvanlar olan pəyəyə yem daşımaq üçün düzəltmişdilər) qoyub apardılar. Uşaqlar arabanı sürətli sürüb aparırdılar. Arabanın hər iki tərəfindən bərk-bərk yapışan qarının sifətində qoxu, vahimə var idi, arada onun sifətinə bir uşaq təbəssümü çöküb tez də yox oldu. Çarəsiz qarı bilmirdi ağlasın, yoxsa gülsün... Onu arabayla çaydan keçirdib apardılar...

 

Yenə də fotolar...

 

Uşaqlardan bir dəstəsi Gülyataqda bəzi evləri yandırmağa başladılar. Kəndin içərisində yolların kənarı evlərdən çıxarılmış əşyalarla dolu idi. Ermənilərin illər əvvəl Sərsəng su anbarında, Şuşada, Kəlbəcərdə, Laçında, Turşsuda, İstisuda və Qarabağın digər yerlərində, hələ dünyanın düz vaxtında, xoşbəxt anlarını xatırladan yüzlərlə fotolar diqqətimi çəkdi. Əyilib onlardan bir neçəsini götürüb cibimə qoydum. Bununla bağlı bir müddət əvvəl Lent.az yayılan “Müharibə fotoları” adlı  (http://news.lent.az/news/109509) yazıda fikirlərimi qələmə almışam.

 

Sovxoz binasının qarşısında gümüşü rəngli bir büst var idi, uşaqlar büstü vurub yerə saldılar...

 

Sonra Canyatağa tərəf qayıtdıq. Ermənilər Canyataqda əvvəlcə əməlli-başlı müqavimət göstərsələr də, sonra geri çəkilməyə məcbur oldular. Biz hər iki kənddə postlar qoyub gözlədik.

 

Bu döyüşdə bir daha Şəfa və Rasim Edilov qardaşlarının, Alış müəllimin və adlarını çəkə bilmədiyim digər uşaqların qəhrəmanlıqlarının şahidi oldum.

 

Qarşıda bizi mövqe döyüşləri, həyatımı dəyişən kəşfiyyat əməliyyatı gözləyirdi...

 

[email protected]

 

Ardı var

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5917
avatar

Rey Kərimoğlu

Oxşar yazılar