Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanmasını birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar.
Bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb.
“Dostluq” 1990-cı illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı.
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fəzail Ağamalını dediyinə görə, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib: “Bu çərçivədə Azərbaycanla Qazaxıstan Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş və Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında saziş imzalanmasına nail olunub. Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunub ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”.
F. Ağamalı bildirib ki, “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var”.
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vüqar Bayramov da Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı barədə Anlaşma Memorandumunun imzalanmasını tarixi hadisə kimi dəyərləndirib: “Azərbaycan neft-qaz strategiyasının əsas prioritetləri, hədəfləri də məhz Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəstəklənməsindən ibarətdir. Bu anlaşma Azərbaycan və Türkmənistan arasındakı strateji əməkdaşlığın inkişafından xəbər verir. Eyni zamanda hər iki ölkə üçün strateji və iqtisadi əhəmiyyətə malik anlaşmadır. Bu anlaşma hər iki ölkənin dövlət gəlirlərinin, eləcə də valyuta gəlirlərinin artmasına imkan yaradacaq. “Dostluq” yatağındakı enerji resursların hasil edilməsi və dünya bazarına çıxarılması ölkələrin gəlirlərinin artmasına səbəb olacaq. Bundan hər iki ölkə iqtisadi baxımdan faydalanacaq”.
Deputat qeyd edib ki, bu, eyni zamanda əməkdaşlıq platformasıdır: “Xüsusilə ikitərəfli müzakirələrin nəticəsi olaraq, yatağın birgə işlənməsi ilə bağlı razılıq əldə edilməsi, həm də Xəzərin statusunu müəyyənləşdirəndən sonra formalaşan əməkdaşlıq platformasının güclənməsindən xəbər verir. Ona görə də bu anlaşmanın strateji əhəmiyyəti var. Azərbaycan həmin yataqda olan enerji resurslarının birgə işlənməsi və dünya bazarına çıxarılmasından dövlət gəlirlərini artırmaq imkanı qazanacaq. Həmçinin tranzit ölkə kimi Azərbaycan mövqeyini gücləndirəcək. Çünki Azərbaycanda son 20 ildə formalaşmış infrastruktur imkan verəcək ki, “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunsun. Bu, Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin artması və gəlirlərinin artması anlamına gəlir. Bu baxımdan imzalanan anlaşmanın hər iki ölkə üçün pozitiv iqtisadi təsirləri olacaq”.