TAP konsorsiumu 2017-2018-ci illərdə Albaniyaya ümumilikdə 800 mln. avro məbləğində investisiya yatıracaq.
“APA-Econmomics”in “Emerging Europe” nəşrinə istinadən verdiyi xəbərə görə, bu, ölkə iqtisadiyyatına yatırılan ən irihəcmli xarici investisiyadır. Ölkə iqtisadiyyatına yatırılacaq birbaşa xarici investisiyaların həcmi 1,5 mlrd. avro təşkil edəcək.
Məlumata görə, TAP-ın tikintisi zamanı Albaniya şirkətləri üçün yeni iş yerlərinin yaradılması prosesi davam etdiriləcək. Artıq layihədə birbaşa olaraq 2 800 nəfər işçi çalışır.
Konsorsiumun baş icraçı direktoru Ulrike Andres bildirib ki, TAP-ın inşası nəticəsində Albaniyanın geostrateji əhəmiyyəti artacaq: “Artıq bir çox yerli müəssisələr layihədə iştirak edirlər və layihənin növbəti mərhələlərini inkişaf etdirəcəklər. TAP Albaniyanı regional qaz qovşağına çevirməyə kömək edəcək. Albaniya ölkənin qaz nəqli şəbəkəsini inkişaf etdirə biləcək və digər Avropa ölkələri ilə bu üstünlüklərdən istifadə edəcək. Qaz şəbəkəsinin inkişafı elektrik enerjisinin istehsalını xeyli yaxşılaşdıracaq. Albaniya Şərqi Avropa ölkələrinin qazlaşdırılmasında aparıcı rol oynaya biləcək”.