TANAP-a 500 milyon dollar ayrıldı
20 oktyabr 2017 18:30 (UTC +04:00)

TANAP-a 500 milyon dollar ayrıldı

Bu gün "Cənub Qaz Dəhlizi" QSC və Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) arasında TANAP layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
 

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 500 mln. dollar məbləğində olan kredit sazişini QSC-nin baş direktoru Əfqan İsayev və EBRD-nin enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, kredit müqaviləsinə dair zəmanət sazişi isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov və A. Sitdikov arasında imzalanıb.
 

Bundan əvvəl, 18 oktyabr 2017-ci il tarixində "Cənub Qaz Dəhlizi" QSC TANAP-ın maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair EBRD-nin Direktorlar Şurası müsbət qərar qəbul edib.
 

S. Şərifov imzalanma mərasimində bildirib ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinə EBRD, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi"ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb.
 

Ə. İsayev "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib: "QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud "Şahdəniz-1" və "Cənubi Qafqaz Boru Kəməri" layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11,8 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 7,8 mlrd. dollar hissəsi, yəni təqribən 66%-i icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1,9 mlrd. dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96%-i, "Cənubi Qafqaz Boru Kəməri"nin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 82%-i, TAP kəmərinin inşası üzrə isə işlərin 53%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir".

 

A.Sitdikova isə EBRD və Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək vacib tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
 

"Cənub Qaz Dəhlizi" QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

 

 

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

 

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

 

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

 

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAPlayihəsi nəinki "Şahdəniz" yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

 

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58+5% payın maliyyələşdirməsi daxildir.

 

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

 

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

 
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

APA Baycan

Oxşar yazılar