APA-nın məlumatına görə, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin saytında yerləşdirilən və sahibkarlara ünvanlanan müraciətdə deyilir.
Qeyd olunur ki, reyestrin fəaliyyəti sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Sahibkarlar www.yoxlama.gov.az saytına sərbəst şəkildə daxil olmaqla, qeydiyyatdan keçə, öz VÖEN-ni və qeydiyyatdan keçdikdən sonra əldə etdiyi şifrəni daxil etməklə özü barəsində təyin edilmiş plan üzrə yoxlamalar haqqında əvvəlcədən məlumat əldə edə bilərlər. Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri istisna olmaqla, plandankənar yoxlamalar haqqında məlumatla isə sahibkarlar həmin yoxlamanın keçirilməsinə ən geci 1 gün qalmış tanış ola bilərlər.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minib.
Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub.
Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.
Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
Plandankənar yoxlamalar aşağıdakı hallarda aparılır:
1) sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
2) sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
3) insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya bu barədə yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
4) sahibkar plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.
Qanuna əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir.
Həmin sənədlər və məlumatlar sahibkara təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Sahibkarlardan yoxlamalarla bağlı yuxarıda qeyd olunan tələblər pozulduqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya elektron poçt ünvanına ( [email protected]), eləcə də yoxlama aparan orqana müraciət etmələri tövsiyə olunur.