2017-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 14,5 min nəfər olub, onlardan 4 milyon 761,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 510,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 475,7 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,8%-i emal sənayesində, 6%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 19,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i istirahət, əyləncə və incəsənət, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2017-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146 saat təşkil edib.
2017-ci il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,1 min nəfər olub, onların 37,7%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 266,7 manat olub. Qeyd edək ki, fevral ayının 1-ə işsizliyə görə müavinətin orta məbləği 270,3 manat olub.