Hesablama Palatasının sədri: “"Azərenerji" və “Azərsu”da audit tədbirləri yekunlaşır”
15 oktyabr 2015 12:09 (UTC +04:00)

Hesablama Palatasının sədri: “"Azərenerji" və “Azərsu”da audit tədbirləri yekunlaşır”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun APA TV-yə müsahibəsi

 

- Hesablama Palatası yarandığı gündən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada illik fəaliyyəti ilə bağlı hesabat verir. Bundan başqa rəhbərlik etdiyiniz qurum 6 ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri üzrə məlumatlar təqdim edir. Bu baxımdan 2015-ci ilin 10 ayı ərzində şəffaflığın təminatı ilə bağlı atdığınız addımları necə qiymətləndirirsiniz?

 

- Bildiyiniz kimi, dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün qurumlar Hesablama Palatasının nəzarət tədbirlərinin obyektidir. 2015-ci ilin sentyabrında Beynəlxalq  Büdcə Əməkdaşlığı Təşkilatı "Açıq büdcə indeksi-2015"  hesabatını  açıqlayıb. Hesabatda təşkilat Azərbaycanın dövlət  büdcəsi haqqında məlumatların açıqlanma səviyyəsinə görə son hesabatından bu dövrə qədər müəyyən addımlar atıldığını göstərib və bu fəaliyyəti 51 balla qiymətləndirib. Eyni zamanda dövlət büdcəsinə nəzarət edən orqanın - Hesablama Palatasının fəaliyyətinə verilən qiymət 8 bal artıraraq 50 bala çatdırılıb. Son iki ildə artırılmış bu qiymət Hesablama Palatasının dövlət büdcəsinin icrasına, büdcə layihəsinə verdiyi rəylərin təkmilləşməsi, verilən informasiyanın tutumluluq və sanballılıq səviyyəsinin artırılması ilə bağlı verdiyi qiymətdir. Bundan başqa bu hesabatda Hesablama Palatasının fəaliyyətinə dair müəyyən tövsiyələr də var. Tövsiyələrlə əlaqədar Hesablama Palatası özünün yeni qanun layihəsini işləyib hazırlayıb.

 

Palata yeni qanun layihəsi və bu layihədən ortaya çıxan məsələlərin həlli məqsədi ilə audit tədbirlərinin ictimaiyyətə çatdırılması üçün yeni sayt hazırlayıb. Tezliklə Palatanın rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək. Saytın yeni formatı istifadəyə verildikdən sonra Hesablama Palatasının sona çatmış nəzarət tədbirlərinin nəticələrinə dair bütün məlumatlar ictimaiyyət üçün açıq olacaq və saytda öz əksini tapacaq. Bu məlumatların forması, məzmunu, formatı isə Hesablama Palatasının kollegiyasının verdiyi müvafiq qərardan asılı olacaq. Nəzarət tədbirlərinin nəticələrinin daim ictimaiyyətə çatdırılmasını isə şəffaflığın təmin edilməsi istiqamətində mühüm və vacib addım hesab etmək olar.

 

- Antikorrupsiya siyasəti Azərbaycan hökumətinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bu siyasətin daha effektiv həyata keçirilməsində Hesablama Palatasının rolu nədən ibarətdir?

 

- Antikorrupsiya siyasəti Azərbaycan prezidenti İlham Əliyevin prioritet hesab etdiyi məsələlər sırasındadır. Bununla bağlı Azərbaycanda möhkəm və sivil qanunvericilik bazası mövcuddur. Bu qanunvericilik bazası ilə yanaşı müvafiq qurumlar nəzarət tədbirlərini daim həyata keçirir. Hesablama Palatasının antikorrupsiya fəaliyyəti onun apardığı nəzarət tədbirlərinin nəticələri, eləcə də Palatanın dövlət büdcəsinin icrasına və layihəsinə verdiyi rəylər illik hesabatlarda, həmçinin büdcəyə dair, bu sahəni tənzimləyən qanunvericiliyə dair verdiyi təkliflərdə özünü göstərir. Əsas fəaliyyət bundan ibarətdir. Bundan başqa cari ildə bir audit tədbirinin nəticələri qanunvericiliyə əsasən böyük miqdarda dövlətə ziyan vurma ehtimalı olduğu nəzərə alınaraq Baş Prokurorluğa göndərilib.

 

Ümumiyyətlə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində  mütərəqqi hüquqi baza yaradılıb. Hesablama Palatası  istintaq orqanı deyil və  əsas vəzifəsi maliyyə və normativ  pozuntularının profilaktikası və aradan qaldırılması məqsədilə büdcə vəsaitlərindən istifadənin auditidir.

 

- Sizin apardığınız auditin nəticələri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılırmı? Yoxsa təftişin nəticələrini Milli Məclisə təqdim etməklə kifayətlənirsiniz?

 

- Xeyr, Hesablama Palatası ilə Baş Prokurorluq arasında razılaşma memorandumu imzalanıb. Bütün nəzarət tədbirlərinin nəticələri, yəni dövlət büdcəsinə vurulmuş ziyan, onun bərpası və günahkar şəxslərin cəzalandırılması ilə bağlı hesabatlar ilin sonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunur. Bununla bağlı birgə fəaliyyət proqramı var. Bu fəaliyyət proqramına əsasən tədbirlər həyata keçirilir, icra olunur.

 

- Hazırda Hesablama Palatasının həyata keçirdiyi hansı audit tədbirləri yekunlaşıb, hansıların icrası davam edir?

 

- Hazırda bir neçə audit tədbirləri üzrə nəticələr artıq yekunlaşıb. "Azərenerji"ASC -də  dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitin auditi  üzrə tədbir artıq yekunlaşmaq ərəfəsindədir. "Azərsu" ASC-yə iki beynəlxalq layihə üzrə ayrılmış vəsaitin auditi üzrə nəzarət tədbirləri də yekunlaşır. Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmış vəsaitlərin auditi üzrə nəzarət tədbirləri artıq bitmək üzrədir. Bundan başqa, Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə də dövlət büdcəsindən ayrılmış vəsaitin auditi  üzrə nəzarət tədbirlərini yekunlaşdırırıq. Audit tədbirlərinin icrasına gəlincə, hazırda Hesablama Palatası Lənkəran Mərkəzi Rayon Xəstəxanası, İsmayıllı Rayon Təhsil Şöbəsində audit tədbirlərini  davam etdirir. Bu tədbirlər də tezliklə yekunlaşacaq. Həmçinin Saatlı rayonuna dövlət əsaslı vəsait qoyuluşu xərclərinə ayrılan vəsaitin auditi üzrə tədbirlər davam etməkdədir.  

 

- Son dövrlərdə müşahidə edilən qlobal makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Konkret olaraq Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsindən azalmaları necə qiymətləndirir?

 

- Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı, proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq, palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib. Həm bu təkliflər, həm də palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə bağlı rəylərində əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır.

 

Cari ildə əsasən əsaslı xərclər azaldılıb. Əsaslı xərcləri azaltmaq hansısayeni layihələrin başlanmaması və yaxud başlanmış layihələri  daha geç başa çatması deməkdir. Cari xəsrclərin azaldılması 2016-ci ildə  nəzərdə tutulmayıb. Kiçik azalmalar verilib. Bu əsasən cari təmir xərclərində, ezamiyyə xərclərində özünü biruzə verə bilər.

 

Hesablama Palatası belə qənaətdədir ki, bu azalma deyil, sadəcə qənaət etməkdir. Qənaətin isə yolu bilavasitə səmərəlilikdən keçir. Qənaət etmək sadəcə kəsmək deyil, bunun üçün Hesablama Palatası təklif edir ki, bütün dövlət xidmətlərinin maliyyə məsrəfləri haqqında normativlər hazırlanmalıdır. Bu normativlər , eləcə də real faktiki xərclər əsasında cari xərclərdə azalma aparmaq mümkündür. Bundan başqa aparılan nəzarət tədbrilərinin nəticələri ilə bağlı cari xərclərdə azalma aparıla bilər.

 

Sevinc Vaqifqızı, Rizvan İsmayılov 

# 271
avatar

Oxşar yazılar