Beynəlxalq Bank riskli layihələrin maliyyələşməsini dayandırdı
13 aprel 2017 15:26 (UTC +04:00)

Beynəlxalq Bank riskli layihələrin maliyyələşməsini dayandırdı

"Azərbaycan Beynəlxalq Bank"ı ASC (ABB) 2017-ci ilin I rübünü 90 mln. manat mənfəətlə başa vurub. Bankdan "APA-Economics"ə verilən məlumata görə, rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 mln. manat, xərcləri isə 136 mln. manat olub.
 
"Bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib. Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Nəticədə, 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb. Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və ya 3,4 mln. manat qənaət edilib", - deyə məlumatda vurğulanıb.
 
Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır.
 
"Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib. Azərbaycan prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müştərək dəstəyi ilə bankın sağlamlaşdırılması tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.
 
36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud  937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

APA Baycan

Oxşar yazılar