Azərbaycana gətirilən tütün toxumları vergidən azad edildi
22 aprel 2017 13:19 (UTC +04:00)

Azərbaycana gətirilən tütün toxumları vergidən azad edildi

 

Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.


Qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək.


Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.


Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

APA Baycan

Oxşar yazılar