Avqustun 9-da "Bank of Baku"nun "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin iştirakçısı və Bankın əməkdaşı Murad Məmmədovun "Uğurun xəritəsi" adlı ilk kitabının təqdimatı keçirilib.
Lent.az-ın məlumatına görə, kitabda "Cəhdləriniz ətrafdakıların fikirlərindən daha önəmli və etibarlıdır", "Hədəf və məqsədlərə çatmağın planlaması", "Özünə inamı artırmağın 4 üsulu", "Möhtəşəm ikilik: vərdiş və özünü məcburetmə", “Mübarizkar olmaq”, “Məqsədə çatmaq”, “Uğur əldə etmək” və s. digər fərqli mövzulardan bəhs edilir.
Kitab "Bank of Baku"nun maliyyə dəstəyi ilə nəşr olunub. "XAN" nəşriyyatında çap olunan kitabın redaktoru Aynur Zərrintacdır.
Təqdimatda çıxış edən müəllif Murad Məmmədov bildirib ki, kitabın işıq üzü görməsi üçün çox çalışıb: “ Düz 6 ay, 2015-ci ilin oktyabr ayından yazmağa başladığım kitabı bu ilin mart ayında bitirdim. Kitabı yazmağımda məqsədim insanların, xüsusən də fiziki qüsurlu şəxslərin həyatda yaşadığı çətinliklərinin həllini tapmağa kömək etmək, güclü bir varlıq olduqlarını xatırlatmaq, qarşılaşdıqları çətinliklərin həlli üçün mübarizəkar olmağa həvəsləndirmək və cəmiyyətə töhfə verməkdir. Kitabda uğur qazanmağın prinsiplərindən bəhs edilir. Bəllidir ki, uğur qazanmağın sirri səbr etməkdir”.
Qeyd edək ki, 5 ildir motivator və təlimçi olaraq çalışan, ötən ildən “Bank of Baku”nun Müştəri Xidmətlərində işlə təmin olunan Murad Məmmədov həm də 2010-cu ildən “Müstəqil həyat və inkişafa dəstək” təşkilatının üzvüdür.
Tədbirdə çıxış edən “Bank of Baku”nun əməkdaşı Gülşən Cumayeva bildirib ki, “Bank of Baku” davamlı olan və cəmiyyətə töhfə verən sosial layihələrə hər zaman dəstək olmağa hazırdır: “ Cəhd etməyən şəxslər məğlub ola bilərlər, ancaq cəhd edən və məğlub olanlar bir addım öndə olacaqlar. Biz də Muradın bu layihəsinə sevə-sevə dəstək olduq, ona uğurlar arzulayırıq”.
Tədbirdə çıxış edən “Müstəqil həyat və İnkişafa dəstək” təşkilatının təlimatçı, təsisçisi Aydın Xəlilov da öz növbəsində Muradı bu uğuruna görə təbrik edib və “Bank of Baku”a bu layihəni qiymətləndirdiyi üçün təşəkkürünü ifadə edib: “ Ümid edirəm ki, “Uğurun xəritəsi” sayəsində əlliliyi olan şəxslər birdə heç vaxt qarşılarında müəyyən problemlərin olduğuna görə heyifslənməyəcəklər”.