Lent.az-ın məlumatına görə, “Bank of Azerbaijan”ın müşahidə şurasına müvəqqəti rəhbər təyin edilən Məhəmmədəli Aslanov millət vəkili Mahir Aslanovun oğludur. Onun bu vəzifəyə təyin olunmasınadək isə idarə şurasının sədri “Hafka” kimi tanınan Hafiz Məmmədov olub. Yeni sədr isə 2012-ci ilin iyul ayından “Bank Technique” ASC-nin Audit Komitəsinin Sədri vəzifəsində işləyib.
Qeyd edək ki, Məhəmmədəli Aslanovun atası, deputat Mahir Aslanov nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır. “Bank of Azerbaijan”ın da “Baghlan Group”dan əvvəlki sahibi Z. Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu holdinq olub. Hazırda isə bankın sahibləri sırasına yeni şirkətin daxil olub-olmadığı bəlli deyil.
Bilinən odur ki, Hafiz Məmmədov bankın idarəçiləri sırasından uzaqlaşdırılıb. Onun yerini isə yenə də eyni şəxslərə yaxın olan M. Aslanov tutub.
*****
17:15
“Bank of Azerbaijan” ASC-də Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda “Bank of Azerbaijan”ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Qərara əsasən, Mehman Məmməd oğlu İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib. Fərid Eldar oğlu Orucov və Fərid Temraz oğlu Orucov İdarə Heyəti sədr müavinləri, Elşad Oqtay oğlu Kərimov və Nicat Nizami oğlu Xəlilov isə İdarə Heyətinin üzvləri seçiliblər.