11 iyun 2021 10:00 (UTC +04:00)

Türkiyənin və dünyanın ən böyük sənaye universitetlərindən olan Ostim Texniki Universitetinin Bakı ofisinin açılışı baş tutub

Tədbirdə universitetin rektoru Murat Yülek, Azərbaycan Texniki Universiteti və xəzər universitetinin rəhbər heyəti,  millət vəkili Razi Nurullayev və digər ictimai xadimlər iştirak ediblər.

Lent.az xəbər verir ki, Ostim Texniki Universitetinin Azərbaycan ofisinin direktoru Fuad Hacıyev açılış sözü ilə qonaqları salamladıqdan sonra universitetin rektoru Murat Yülek həm təhsil ocağı haqqında məlumat verib, həm də ortaq görüləcək proqramlardan söz açıb: "Hörmətli qonaqlar və dəyərli qardaşlar, sizi görməkdən çox məmnunam. Universitetimiz artıq üçüncü ilini tamamlayır. Yeni konseptdə yaranan dünyanın ilk və tək sənaye universitetidir. Bu mövzuda universitetin bir çox layihələri var. Bu layihələrdən biri də 10 fərqli ölkədə fərqli şöbələrin yaradılmasıdır. Təbii ki, ilk açılan şöbə Azərbaycanda olmalı idi. İstəyirik ki, azərbaycanlı gənclər də mühəndislik sahəsində özlərini inkişaf etdirsinlər, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə öz töhfələrini versinlər. Bunun üçün çalışırıq ki, azərbaycanlı gənclərin Türkiyədə təhsilalma imkanlarını genişləndirək. Azərbaycanın Təhsil Nazirliyi və başqa qurumlarla əməkdaşlıq etməkdən məmnunuq".

Tədbir təşkilatçıları bildiriblər ki, Ostim Texniki Universiteti 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qələbəsində danılmaz yeri olan dronları istehsal edən OSTİM sənayesinin mühəndislik üzrə ixtisaslaşan universitetidir. Bu baxımdan Ostim Texniki Universiteti azərbaycanlı tələbələrin bu ali təhsil ocağında oxumasını təmin etməklə gələcəkdə Azərbaycanın müdafiə sənayesinin inkişafına onların mütəxəssis kimi öz töhfələrini verməsi işinin qurulmasını istəyir.

Qeyd edilib ki, Azərbaycan Texniki Universiteti və Ostim Texniki Universiteti arasında 2-li diplom proqramı sözləşməsi imzalanıb.

Tədbirdə iştirak edən millət vəkili Razi Nurullayev bildirib ki, hazırda Azərbaycanın təhsil sahəsində ciddi yeniliklərə ehtiyac yaranıb: "Dünyanı təhsil, elm xilas edəcək. Ümid edir və inanıram ki, burada çalışan, bu şöbəni idarə edən insanların effektiv fəaliyyəti nəticəsində Azərbaycanın bacarıqlı oğlan və qızları çox gözəl təhsil alaraq vətənə geri dönəcək və ölkəmizin inkişafında mühüm rol alacaqlar".

R.Nurullayev bu işdə hər zaman dəstək verməyə hazır olduğunu da vurğulayıb: "Rəhbərlik etdiyim Milli Cəbhə Partiyasının proqramının ana xəttində təhsil dayanır. Xilas yolumuz ancaq təhsildir. Bu baxımdan hər zaman yanınızdayam".

Fuad Hacıyevin sözlərinə görə, universitet bütün Azərbaycan tələbələrinə təhsil haqqına 85% endirim edib və xarici vətəndaşlar üçün təhsil haqqının 15 000 dollar olmasına baxmayaraq, azərbaycanlılar üçün bunun sadəcə 2000 dollar təşkil etdiyini bildirib. Universitetin yeganə marağı qardaş ölkədən olan gənclərin mühəndislik kimi çox önəmli peşəyə yüksək ixtisaslı müəllim heyəti ilə yiyələnməsi və daha sonra 2 dövlətin dostluq və qardaşlıq əlaqələrinə, o cümlədən inkişafına öz töhfələrini verməsidir.

Ostim Texnik Universitetinin Azərbaycan ofisinin rəhbəri Fuad Hacıyev bildirib ki, Türkiyənin Ankara şəhərində yerləşən Ostim Texniki Universiteti yeni olmaqla bərabər, innovativ universitetdir. Bu universitetin ölkemizdə tərəfdaş şirkəti ilə bağlı fikirlərində isə bildiribdir ki, Ceyhun Hacıyevin rəhəbəri olduğu  "The Times Azerbaijan”  Ostim Texniki Universitetinin tələbə qəbulu üzrə rəsmi tərəfdaşıdır. 

Ostim Texniki Universitetində Elektrik və elektronika mühəndisliyi (ingiliscə), Kompüter mühəndisliyi (türkcə və ingiliscə), Mexanika mühəndisliyi (ingiliscə), Proqramlaşdırma mühəndisliyi (türkcə), Sənaye mühəndisliyi (türkcə), Sənaye məhsullarının dizaynı (türkcə), İç mimarlık ve çevre tasarımı (türkcə), İnformasiya sistemləri menecmenti (türkcə), Beynəlxalq ticarət və maliyyə (ingiliscə), İqtisadiyyat (ingiliscə) ixtisasları var.

# 492
avatar

Oxşar yazılar